"Rusiya hərbi yardım edərək Ermənistan ordusunu Yaxın Şərqin ən güclü ordusuna çevirməlidir". Bu fikirləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski erməni diasporunun bu gün Moskvanın "Krasnopresenskaya zastava" meydanında keçirdiyi mitinqdə çıxışı zamanı söyləyib.
O, Rusiya hökumətinin Ermənistana ayırdığı yardımların azlığından şikayətlənib: "Bu gün Rusiya Ermənistanı hər şeylə təmin etməlidir. Ermənilər bizim qardaşlarımızdır. Qafqazın xilas yolu güclü Rusiya-Ermənistan hərbi ittifaqının yaradılmasındadır. Rusiya Ermənistanı bütün istehsal etdiyi müasir silahlarla təmin etməlidir. S-300, S-400 raketləri və digər güclü silahlar təmənnasız olaraq Ermənistan ordusuna verilməlidir. Rusiya Ermənistanı Qafqazın liderinə çevirməlidir. Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımalıdır".
Vladimir Jirinovski Gürcüstanın ərazi bütövlüyünü də hədələyib. O, Cavaxetiya ermənilərini torpaqlarının azadlığı uğrunda mübarizə aparmağa çağırıb: "Cavaxetiyadakı ermənilər də öz torpaqları uğrunda mübarizə aparmalıdır".
Hər zaman ermənipərəst çıxışları ilə yadda qalan Jirinovski bu dəfə Ermənistan xüsusi xidmət orqanlarından Ramil Səfərovun ekstradisiyası və azadlığa buraxılmasına cavab tələb edib: "Mən erməni xalqına səslənirəm. Mitinqlər keçirərək bu işi həll etmək olmaz. Erməni zabitini öldürəni azadlığa buraxanlara cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları bunun cavabını verməlidirlər ki, azərbaycanlılar bir daha belə iş görməsinlər".
Qeyd edək ki, bu gün Moskvadakı erməni diasporu tərəfindən keçirilən aksiyada Macarıstan və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Meydanda Rusiya, İsrail, Ermənistan və qondarma "DQR"ın bayraqları qaldırılıb. 450-500 nəfərin qatıldığı aksiya saat yarım davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB