“Müsəlmanlar müdrik və böyük insanlardır”

“Müsəlmanlar  müdrik və böyük insanlardır”

"Biz Azərbaycanda min illərdir ki, yaşayırıq. Azərbaycanlılarla qardaşlıq münasibətləri yaranıb. Bizim mentalitetimiz, yaslarımız, toylarımız , suyumuz, çörəyimiz eynidir". Bu sözləri Dağ Yəhudiləri icmasının rəhbəri Merit Yevdayev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, min illərdir ki,yəhudulər azərbaycanlılarla, həmçinin müsəlmanlarla birgə firavan yaşayırsa, deməli bundan sonra da bu tolerantlıq qalacaq: "Müsəlmanlar müdrik və böyük insanlardır. Onlar bütün dinlərə eyni cür yanaşır. Biz eyni Allaha sitayiş edirik. Siz Quran, biz isə Tövrat oxuyuruq. Bunların ikisi də Allaha sitayiş və insanlıq üçündür. Bizim icma qəti şəkildə bu filmin nümayiş olunmasına öz etirazını bildirir. Onların məqsədi dinlər arasında nifaq salmaqdır. Bu ayrı-ayrı adamların işi deyil, bu böyük bir siyasətin nəticəsidir".

Xatırladaq ki, Hz. Məhəmmədi və İslamı hədəf alan " İnnocence of Muslims" (Müsəlmanların Məsumiyyəti) filminin arxasında iki il əvvəl Quranı yandıraraq Müsəlman dünyasını ayağa qaldıran azğın "rahib" Terry Jones var. Filmin açılışı da Quranın yandırıldığı o kilsədə edilib. Terry Jones 11 sentyabr hadisələrinin 10-cu ildönümündə Floridanın Gainsville şəhərində qurduğu radikal kilsənin qarşısında Quran yandıracağını bildirərək dünya gündəminə gəlib və heç bir dini təhsili olmamasına baxmayaraq özünü rahib elan edib. Gündəmə gəlmənin yolu olaraq kilsəsinin bağçasında Quran yandırmağı seçib. Bunun üçün internetdən sifariş etdiyi yüzlərlə Quranı yandıran Terry müsəlman-xristian dünyasında böyük qarşıdurma yaradıb. Bundan sonra yenidən gündəmə gəlmək üçün bir yol axtaran "rahib", özü kimi İslama qarşı fikirlərə sahib olan İsrail əsilli Amerikan vətəndaşı Sam Becile adlı "yazıçı və rejissor" ilə bir film çəkməyə qərar verib. 11 Sentyabr terrorunun 11-ci ildönümündə bu dəfə eyni kilsədə "Müsəlmanların məsumiyyəti" adı verilən bu filmin açılışı olub. Bu filmdə müsəlmanlar və Məhəmməd peyğəmbər təhqir olunub, ümumilikdə İslam dini əxlaqsızlığın tərənnümü kimi biruzə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə