Metroda yeni qrafik tətbiq olunur

Yeni tədris ilinin başlaması ilə Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinin təşkil edilməsinə başlanılacaq. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq sentyabrın 17-dən qatarlar arasında intervallarda bəzi dəyişikliklər ediləcək. Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək. Qeyd edək ki, yay dövründə qatarların hərəkət intervalı 2,5 dəqiqəyə bərabər idi.

Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcəklər. Həmin vaxtlarda "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval iki dəqiqə artıq, yəni 5-6 dəqiqəyə bərabər olacaq.

"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-N.Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.

Sərnişinlərin marağını nəzərə alaraq, "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli sentyabrın 17-də metro.gov.az saytının xüsusi banner-bölməsində dərc olunacaq.

Qeyd edək ki, yeni qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə