Yeni xarici pasportlar hansı formada olacaq?

Yeni xarici pasportlar hansı formada olacaq?

Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək. Bununla əlaqədar Milli Məclisdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb. Layihədə qeyd olunur ki, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir.

Digər bir dəyişiklikdə isə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək. Dəyişikliklərdən biri də yeni xarici pasportların 34 səhifə deyil, 50 səhifə olması ilə bağlıdır. Dəyişikliklərdən biri isə pasport sahibi haqqındakı məlumatların elektron şəkildə yer alması olacaq. Sənədlərin qəbulu şöbəsinin rəisi Nərgiz Məhərrəmovanın verdiyi məlumata görə, yeni xarici pasportlarda elektron daşıyıcılar, yəni çiplər yerləşdiriləcək: "Belə ki, pasport sahibinin üz görünüşü, elektron imzası və barmaq izi həmin elektron daşıyıcılarda göstəriləcək".

Yeniliklərdən biri də xarici pasportların bir neçə tipə bölünməsi və onların rənginə görə fərqlənməsidir. Yəni ümumvətəndaşlara veriləcək pastortların üz qabığının birinci və dördüncü səhifələri tünd yaşıl, xidməti pasportda isə tünd göy olacaq. Diplomatik xidmətlər zamanı veriləcək pasportda isə bu tünd qırmızı rəngdə olacaq. Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Nərgiz Məhərrəmovanın sözlərinə görə, yeniliklər sırasına azyaşlilara verilən xarici pasportlar da daxildir. "Pasportlar 1 yaşına qədər olan uşaqlar üçün 1 illik müddətinə, 1 yaşından 3 yaşına qədər olan uşaqlar üçün isə 3 llik müddətinə veriləcək. 3 və 18 yaşlı uşaqlar üçün isə pasportlar 5 illik müddətinə veriləcək. 18 yaşından yuxarı olan uşaqlara 10 illik müddətinə pasportlar verilicək".

Pasport nümunələri İsveçrə şirkəti tərəfindən hazırlanacaq. Pasport almaq üçün ödənilən dövlət rüsumuna gəldikdə isə hələlik burada dəyişiklik edilməyib. Pasport almaq üçün dövlət rüsumu 30 günə 40 manatdır. Əgər vətəndaş 5 günə pasportunu almaq istəyirsə bu zaman 120 manat ödəməlidir.

Yeni nəsil pasportların verilmə mexanizmi Nazirlər Kabinetinin muvafiq qurumlarla birlikdə 3 ay ərzində hazırladığı layihə əsasında aparılacaq. Köhnə pasport sahibləri vəsiqələrini etibarlılıq müddəti bitəndən sonra yenilərilə əvəzləyərkən yeni formalı pasport alacaqlar. Dəyişikliklər gələn ilin iyunun birindən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə