Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlik son vaxtlar xeyli artıb. Xüsusilə, Macarıstanda ömürlük həbs cəzası çəkən və avqustun 31-də Azərbaycana gətirilərək həmin gün Prezident İlham Əliyev tərəfindən əfv edilən Milli Ordunun zabiti Ramil Səfərovun azadlığa buraxılmasından sonra düşmən tərəfi təmas xəttində təxribatların sayını artırıb.
Bir qayda olaraq cəbhə xəttində vəziyyətin gərginləşməsi sonda arzuolunmaz vəziyyətə, silahlı münaqişə və ya müharibəyə gətirib çıxarır. Yada salaq ki, 2008-ci ilin avqust hadisələri öncəsi Gürcüstanla separatçı Abxaziya və Cənubi Osetiya sərhədində vəziyyət xeyli gərginləşmişdi. Hamıya məlum olduğu kimi, sonda bu gərginlik Rusiyanın Gürcüstanı işğalı ilə nəticələndi. Bəs proseslərin inkişafı Ermənistanla Azərbaycan arasında müharibə başlanması təhlükəsindən xəbər verirmi?
Təbii ki, biz müharibənin sülhlə başa çatmasını istəyirik. Amma erməni ordusu bununla razılaşmasa biz öz torpaqlarımızı düşməndən müharibə yolu ilə azad edəcəyik. Bu gün Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə xeyli dərəcədə dəyişib. Ordumuz kifayət qədər silah və sursatla təchiz edilib. Bütün məsələlər NATO standartlarına uyğun qurulub və aparılır. Lakin bütün bunlara baxmayarq münaqişə itgisiz ötüşməyib. Cari ilin son 8 ayında Azərbaycan 11-dən artıq şəhid verilib. Hər bir itgi isə Azərbaycan üçün çox ağırdır. Bundan əlavə, son 8-9 ayda Ermənistan 30-dan artıq döyüş itgisi verib.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində mövcud olan vəziyyətə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da münasibət bildirib. Diplomat deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar daim gərgin anlar olur. Amma o, Azərbaycanın, yaxud Ermənistanın müharibəyə başlamaq istədiyini düşünmür. Səfir bildirib ki, tərəflər regionda gərginlik yaratmağa yönəlik addımlar atmaqdan çəkinməlidir: "Hər iki tərəfin regionda gərginlik yaratmaqdan çəkinməsi, nəticəsi proqnozlaşdırıla bilməyən, vəziyyətin nəzarətdən çıxa biləcəyi addımlar atmaqdan çəkinməsi zəruridir".
Təbii ki, Azərbaycan müharibəyə daim hazırdır və bunun üçün hərbi qüdrətini artırır. Ermənistanın sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəməməsinin cavabı, yəqin ki, müharibə olacaq. Ona görə də xalqımız, silahlı qüvvələrimiz gözlənilən müharibəyə hazır olmalıdır. Bu günlərdə paytaxtımızın bir sıra yerlərində yeni elanlara rast gəlmək olar. Burada qeyd olunur ki, keçmiş zabit və ehtiyatda olan hərbi qulluqçular müqavilə əsasında, yüksək əmək haqqı ilə yenidən hərbiyə cəlb çağrılırlar.
Elanda göstərilən telefonlarla əlaqə saxladıq. Verilən cavabda isə xəbərin doğru olduğunu deyən şəxs gənclərin könüllü olaraq hərbi xidmətə cəlb olunması faktını təsdiqlədi.
Məsələyə aydınlıq gətirmək üçün Müdafiə Nazirliyi ilə də əlaqə saxladıq. MN-nin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bu məsələdən xəbərsiz olduqlarını deyib. O bildirib ki, bütün bunlarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məşğul olur. Onun sözlərinə görə, hərbi xidmətə çağırış yalnız onlara məxsusdur və məsələyə daha düzgün onlar tərəfindən cavab verilə bilər.
Amma gün ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlaya bilmədik.
Hər halda son günlər təmas xəttində mövcud olan vəziyyətin hansı nəticələrə gətirib çıxaracağını zaman göstərəcək. Düşmən sülh yolu ilə torpaqlardan çıxmasa, Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB