Sərhəddə növbə yaranıb

Azərbaycan-Rusiya sərhəddində günlərdir ki, növbələr davam edir. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, qonşu ölkəyə getmək istəyən sərnişinlər uzun müddət sərhəddə avtobuslarda gecələməli olurlar. Samur sərhəd keçid məntəqəsində yüzlərlə sərnişin avtobusu, minik və yük maşını növbəyə durur.

Bu gün günorta saatlarında Gömrük Terminalının qarşısında 200-dən artıq avtomobil Rusiyaya keçmək üçün növbə gözləyir. Sərhəddi keçmək istəyən sərnişinlər problemin, nə vaxt həll olacagından xəbərsiz olduqlarını bildiriblər. Aldığımız məlumata görə, problemin qonşu Rusiyanın sərhəddində olduğu bildirilir. Belə ki, Rusiyanın gömrük keçid məntəqəsi gün ərzində cəmi 10-12 avtobusun qəbul etmək imkanı var.

Samur gömrük keçid məntəqəsindən verilən məlumata görə, sərhəddəki tıxac Rusiya tərəfində aparılan qeydiyyatla bağlıdır. Belə ki, sərhəddə əhali sıxlığının yaranması və digər texniki problemlər Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd keçid məntəqəsində növbələrə səbəb olub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə