Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. AzərTac xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib. Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoyublar.
Xatırladaq ki, körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. O zaman Rusiyanın bu şəhərində dahi Heydər Əliyevin abidəsi açılıb. 2011-ci ilin mayında "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində Dostluq körpüsünün təməlqoyma mərasimi keçirilib. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyilə gerçəkləşdirilib.
Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhər sakinlərinin bir sahildən digər sahilə keçməsini asanlaşdıracaq. Əvvəllər sakinlər kanalın o biri sahilinə keçmək üçün uzun yol qət etməli olurdular. Körpü həştərxanlılara dəyərli hədiyyədir.
Sonra tədbirin iştirakçıları Heydər Əliyev parkında yaradılmış "Arzu" uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB