"Xaraba Şəhər"

"İRƏLİ" Tarix Mərkəzinin təşkil etdiyi "Arxeoloji düşərgə 3" layihəsi yekunlaşıb

20 nəfər gənc Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiyası və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ağsu şəhərində apardığı arxeoloji qazıntılarda iştirak ediblər. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, gənclər 26 avqust və 6 sentyabr aralığında tarix elmləri doktoru, görkəmli arxeoloq Qafar Cəbiyevin rəhbərliyi altında Ağsu rayonunun Ülgüclü kəndində XVIII əsr Ağsu şəhəri ərazisində aparılan arxeoloji qazıntılarda iştirak etməklə yanaşı, tapılan əşyaların inventarlaşdırılması ilə məşğul olublar.

Orta əsr Ağsu şəhərində aparılan tədqiqatlar nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə və istehsalat çıxarları, metalişləmə sənətində istifadə olunan alətlər tapılıb.

"Xaraba Şəhər" adlandırılan orta əsr Ağsu şəhəri yerində aparılan qazıntı işləri zamanı 37 ədəd qızıl sikkə (Holland dukatları) və 24 ədəd gümüş sikkə tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə