Xətai rayon ərazisində, Məhəmməd Hadi və Gəncə prospektini birləşdirən küçədə piyadalar üçün nəzərdə tutulan səkinin olmaması insan həyatı üçün böyük təhlükə yaradır. SİA-nın apardığı araşdırma zamanı məlum olub ki, həmin səkilərin yerini müxtəlif növ iaşə obyektləri tutub. Ən çox da maşın yuyulan yerlər hər addımbaşı piyadaların yolunu kəsir, bəzən çimizdirib yola salır. Qorxulu mənzərə isə piyadaların maşın yolu ilə gedib-gəlmələridir. Necə deyərlər, yolu maşınlarla paylaşan piyadalar ölümün bir addımlığında olduqlarını 300 məsafəlik yolda bir neçə dəfə hiss edirlər..
Araşdırma zamanı onun da şahidi olduq ki, xırda sahibkarlın tikdikləri obyektlərin qarşısında əvvəllər səkilər mövcud olub. Amma sonradan yalnız özlərini, öz ciblərini düşünən işbazlar və onlara dəstək olanlar piyada yollarını zəbt edərək obyektlərinə qatıblar. Nə obyekt sahibləri, nə də aidiyyəti qurumlar yəqin ki buradan insanların da keçəcəyini hesablamayıblar. Bu yolda tək piyada yollarının olmaması deyil, eləcə də maşın yolları da pis vəziyyətdədir. İki maşının yan-yana getməsi demək olar ki, mümkünsüzdür. Çünki yolun kənarındakı quyular və yolların kələ-kötür olması avtomobil sahiblərinə buradan keçməyi mümkünsüz edir.
Hətta sakinlər yolun üst tərəfində fəaliyyət göstərən ət dükanının yaratdığı antisanitariya vəziyyətindən də şikayət etdilər. Çünki kəsilən heyvanların qanı yol boyu aşağı axıdılır. Ərazidə yaşayan sakinlər də mövcud vəziyyətdən danışmaq üçün sanki bizi gözləyirdilər. Sakinlərin fikirləri ilə yaxından tanış olaq:
Xətai rayon sakini Gülər İbrahimova: "5 ildir ki, burada yaşayırıq və o zamandan yollar bu vəziyyətdədir. Əlaqəli təşkilatların bu məsələ ilə bağlı lazımi tədbiri görməsi vacibdir. Bu yolla Həzi Aslanov metrosuna düşmək sərfəli və yaxın olduğu üçün əhali buradan daha çox istifadə edir. Artıq məktəblər də açılır və şagirdlərin təhlükəsizliyi naminə yolların düzəldilməsi mütləqdir. Bununla yanaşı, Xətai rayon sanitar-epidemiologiya stansiyası da ərazinin təmizlik işlərinə ciddi yanaşsınlar. Ət dükanlarında kəsilən heyvanların qanı yola axıdılır. Sürücülər isə maşınlarının təkərlərinin yeyilməməsi üçün kimlərdənsə xahiş edib yollara yamaq vurdurublar. Bütün bunlara baxmayaraq, yollar yenə də bərbad vəziyyətdədir. Piyadalar üçün səkinin olmaması çox pisdir".
Rayon sakini Rəşad Alıxanov: "Hazırlığımla əlaqədar bu yoldan mütəmadi olaraq istifadə edirəm. Maşınlarla eyni yolu gedirik. Təbii ki, bu da həyatımız üçün olduqca təhlükəlidir. Buna görə də yolları tez düzəltsələr o qədər də yaxşı olar".
Səkilərin olmaması mövcud olan problemlərin bir hissəsi idi. Bununla yanaşı, həmin ərazidə ağacların kəsilməsi də təəssüf doğuran məqamlardan idi. Ərazi Xətai Rayonun İcra Hakimiyyətinin tabeliyində olduğuna görə ilk yollandığımız ünvan da məhz ora oldu. Ancaq İH-də heç bir vəzifəli şəxslə əlaqə yarada bilmədik. Qəbul şöbəsindən rəsmilərin tədbirdə olduğu dedilər. Qəbul şöbəsindən onu da öyrəndik ki, məsələdən İcra Hakimiyyətinin xəbəri yoxdur. Xətai rayon İcra başçısının müavini Xeyrulla Hüseynovla telefon əlaqəsi saxladıq. Başçının müavini də məsələdən xəbərsiz olduğunu və sakinlərin şikayət ərizəsi ilə quruma müraciət etmədiyini bildirdi. İcra Hakimiyətinin nümayəndəsinin adıçıkilən ünvana gediləcəyini deməyi də unutmadı.
Onu da qeyd edək ki, sakinlər İH-nin bu məsələdən xəbərdar olduğunu dedilər. Çünki bu yol neçə illərdir ki, təmir olunmayıb və bu vəziyyətdədir. Ümid edək ki, tezliklə yollar təmir olunacaq, sakinlərin ölüm mələyi ilə "çaşka-loşka"sına son qoyulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB