Dərs ilinin başlanmasına artıq 3 gündən də az vaxt qalıb. Bu müddət ərzində hər bir valideyn övladlarının dərs ləvazimatı ilə təmin olunması üçün alış-veriş edir. Biz də elə bu məqsədlə paytaxtın məktəb ləvazimatları bazarında kiçik bir araşdırma apardıq. Dükanların hər birində eyni mənzərə ilə qarşılaşdıq. Alış-verişə çıxanların bir çoxu məktəb geyimləri, çanta, ayaqqabı, dərs ləvazimatları almaq istədiklərini bildirirdilər. İlk olaraq biz məktəb ləvazimatlarının qiymətləri ilə maraqlandıq. Ticarət mərkəzlərində, ayrı-ayrı dükanlarda satılan ləvazimatların qiymətlərinin fərqli olduğunun şahidi olduq. Məsələn, 48 vərəqli Azərbaycan istehsalı olan dəftər 40 qəpiyə, eyni tipli dəftər Rusiya istehsalı olduğu üçün 50 qəpiyə satılırdı.
Təbii ki, dəftər vərəqinin artım sayına görə qiymətlərdə də artım müşahidə olunur. Satıcılardan aldığımız məlumata görə, ölkədə istehsal olunan ləvazimatların qiymətilə xaricdən gətirilən ləvazimatların qiyməti arasındakı fərq onların keyfiyyətilə bağlıdır. Həmçinin digər ləvazimatların qiymətləri də valideynləri düşünməyə vadar edir. Məsələn, qələmin qiyməti 30 qəpikdən 6 manata, pozan isə 35 qəpikdən 3 manata qədərdir. Rəngli karandaşların qutusunun qiyməti 1-6 manat arasında dəyişir. Sadə karandaşın ən ucuzu 30 qəpik, bahalısı isə 1 manatdır. Xəttkeş 90 qəpikdən 5 manata qədər, rəsm albomu 2-5 manat arasındadır. Qeyd dəftəri 1 manatdan 5 manata, karandaş yonan 50 qəpikdən 5 manata qədər dəyişir. Gündəliklərin qiyməti isə standart olaraq 60 qəpikdir. Bir qutu plastilinin qiyməti 1 manatdan 8 manata qədər dəyişir. Əmək dərsi üçün nəzərdə tutulan ləvazimatlarla birlikdə çantanın qiyməti isə 20-40 manat arasında dəyişir. Məktəbli çantaları da müxtəlif qiymətlərdə - 10 manatdan 30 manata qədər artan qiymətlərlə satılır.
Satıcılar keçən ilə nisbətən bu il məktəb çantalarının və məktəb ləvazimatlarının qiymətlərində heç bir dəyişiklik olmadığını deyib. Lakin onu da qeyd ediblər ki, xaricdən gətirilən mallarda az miqdarda artım müşahidə olunur.
Məsələ ilə bağlı valideynlərin də münasibətini öyrəndik. Onların sözlərinə görə, qiymətlərdə az miqdarda artım var. Lakin rayonlardakı qiymətlərə nisbətən paytaxtda məktəb ləvazimatları daha ucuzdur.
Ümumilikdə övladının təhsil almasını istəyən valdeyn 100-150 manat məbləğində pul xərcləməlidir. Bir çoxlarımıza məlumdur ki, əksər valideynlərin övladlarına dərs ili öncəsi bu qədər xərc çəkməsi onun büdcəsinə uyğun deyil. Üstəlik bir ailədən 2-3 uşaq məktəblidirsə, artıq valideynlər dərs ilinin başlanması ilə əlaqədar narahat olmağa başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB