Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə xanım Paşayevanın təşəbbüsü ilə məşhur türk yazıçısı İsgəndər Palanın böyük Yunus Əmrə haqqında qələmə aldığı "Od" romanından sonra daha bir layihə gerçəkləşdirilib. SİA-nın məlumatına görə, yenicə işıq üzü görən "Ədəbi Nobel antologiyası" (nəsr) sözün həqiqi mənasında mədəniyyətimizin sanballı hadisələrindən biri adlandırılmağa layiqdir. Layihənin rəhbəri və ön sözün müəllifi Qənirə Paşayevadır. Antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və çapa hazırlayıb, redaktorları Nurafiz və Əkbər Qoşalıdır.
"Qanun" nəşriyyatında nəfis tərtibatla çap olunmuş 816 səhifəlik antologiyada dünyanın ən nüfuzlu ədəbi ödülü olan ədəbiyyat üzrə Nobel mükafatının təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş 67 nasirin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında qısa məlumatlar da verilib. Əhatə miqyasına və ədəbi nümunələrin seçiminə görə nadir olan bu antologiya Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək. Bu il görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın mükafata namizəd kimi qeydə alınması da Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə gərəkli təması olaraq başa düşülməlidir.
Antologiyaya daxil edilmiş əsərləri ingilis, rus, türk, ərəb, alman, ispan və başqa dillərdən tanınmış qələm adamları, peşəkar tərcüməçilər çeviriblər. Elçinin, Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Pamazanqızının tərcüməsində Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər Nobel mükafatını almaq şərəfinə nail olmuş yazıçıların yaradıcılığından örnəklər, şübhəsiz, Azərbaycan oxucusu üçün maraqlı olacaq.
Cəmi bir heçə həftədən sonra - oktyabrın 7-də ədəbiyyat üzrə Nobel mükafatının yeni sahibi məlum olacaq. "Ədəbi Nobel antologiyası"nın bu ərəfədə işıq üzü görməsi ədəbiyyatsevərlər üçün sürprizdir.
Q.Paşayevanın haqlı olaraq qeyd etdiyi kimi, "Ədəbi Nobel antologiyası" hər bir azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Bu, sözlə çəkilmiş gözəllik tablosudur, sənət əsəridir. Hərə bir ilmə, naxış vurub, bir rəng qatıb ümumi Ədəbi Nobel portretinə çevrilib və nəticədə bənzərsiz antologiya yaranıb!.."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB