20 saat qabaq xəbərdarlıq ediləcək!

20 saat qabaq xəbərdarlıq ediləcək!

"Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiyanın işindən bir sıra possovet ölkələri, o cümlədən Türkiyə də yararlanacaq". SİA-nın verdiyi xəbərə görə, bunu Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyada ilk dəfə olaraq, ölkədə istismarı dayandırılmış neft quyularının üzərində, seysmakustik teremetik stansiya düzəldilib: "Bu stansiya zəlzələləri 15-20 saat əvvəlcədən monitorinq etməyə imkan verəcək. Artıq iki ildir belə stansiyalar işləyir".

O həmçinin gələcəkdə bu cür stansiyaların Türkmənistan, Özbəkistan, Türkiyə və Ukraynada da quraşdırılmasının planlaşdırıldığını vurğulayıb. Bu ərazilərdə yerləşdiriləcək stansiyalar ümumi vahid bir serverə birləşdiriləcək. Bu layihə ümumi regionda seysmik hadisələri əvvəlcədən deməyə imkan verəcək.

İnstitut rəhbəri vurğulayıb ki, bu stansiya vasitəsilə, hələlik zəlzələlərin baş verəcəyi ocağın koordinantlarını demək mümkün deyil. Hazırda sözügedən stansiyalar Bakının Qum adasında, o cümlədən Siyəzən, Naftalan, Nefçala, Şirvanda fəaliyyət göstərir. Onun fikrincə, gələcəkdə Naxçıvanda da belə bir stansiyanın quraşdırılması nəzərdə tutulur: "Bu stansiyalar vasitəsilə zəlzələlərin koordinatlarını tam öyrənə bilməsək də, bunların sayının artırılmasını planlaşdırırıq. Ola bilsin ki, gələcəkdə belə bir neçə stansiyanın da quraşdırılmasına ehtiyac olsun. Hazırda mövcud olan 5 stansiyaya baxış üçün dünyanın ən böyük ölkələrindən 17 seysmoloq dəvət etmişik. Bunların köməyi ilə yaxın bir neçə ay ərzində zəlzələlərin koordinantlarını daha dəqiq demək mümkün olacaq".

T.Əliyev həmçinin bunun ciddi bir layihə olduğunu vurğuladı. Onun sözlərinə görə, hazırda Rabitə və İnformasiya Texnologiyalarının Nazirliyi peyk vasitəsi ilə, bütün stansiyalardakı məlumatların mərkəzi serverə ötürülməsi üçün işlər aparır.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə