Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi son zamanlar Azərbaycan saytlarına kiberhücumlar edilməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, saytlara kiberhücumlar davam edir və təkrarlanır. Onun sözlərinə görə, bu hallardan hər bir sayt rəhbəri nəticə çıxarmalıdır: "Bu yaxınlarda dövlət orqanlarının saytlarının təhlükəsizliyi ilə bağlı tələblər təsdiq edilib və hesab edirik ki, bu əslində cəmiyyətə bir mesajdır. İnformasiya təhlükəsizliyi dedikdə, təşkilat tədbirlərindən tutmuş, texniki məsələlərə qədər böyük kompleks tədbirlər nəzərdə tutulur. Ona görə də burada müəyyən məsuliyyət dövlət qurumlarının üzərinə düşür, lakin sayt sahiblərinin də özlərinə görə məsuliyyəti var. Ona görə ki, hər bir sayt yaradılarkən onun təhlükəsizlik tədbirləri vaxtaşırı yoxlamalardan keçirilməlidir. Əgər qeyd edilən məsələlərə diqqət yetirilsə, ölkədə informasiya təhlükəsizliyi təmin olunacaq".
Nazir müavini bütün bunlarla yanaşı, kiberhücumların bəzilərinin xarici müdaxilələr nəticəsində baş verdiyini də diqqətə çatdırıb: "Ancaq qeyd edim ki, baş verən hadisələrin bəziləri hətta ölkədən kənarda yerləşən serverlərdən həyata keçirilir. Onlara hər hansısa çıxış imkanımız məhduddur. Ölkə daxilində baş verən bəzi hadisələrin səbəbi isə müəyyən boşluqlardır. Ona görə də müəyyən tədbirlərə yenidən baxılması zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB