"Miras" Beynəlxalq Simpozium təşkil edir

"Miras" Beynəlxalq Simpozium təşkil edir

"Miras" Milanda Beynəlxalq Simpozium təşkil edir

Sentyabrın 17-21-də İtaliyanın Milan şəhərində VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçiriləcək. Qurumdan SİA-ya verilən məlumata görə,"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi simpoziumun təşkilatçılarından biridir. Belə ki, birlik Türkiyənin Konya Fikir, Mədəniyyət və Sənət Adamları Birliyi, İtaliyanın Politexnik Universiteti ilə birlikdə simpoziumun hazırlanması, elm və sənət adamlarının orada iştirak üçün seçilməsi və dəvət olunması, İtaliyaya səfərin təşkil olunması, simpoziumun keçirilməsi ilə bağlı digər məsələlərin həllində bilavasitə iştirak edib. Türkiyədə fəaliyyət göstərən "Melas Tourism" və Azərbaycanda fəaliyyət göstərən "Heritage Travel" turizm şirkətləri səfərin təşkilində yaxından iştirak ediblər.

MİRAS İB-nin sədri Fariz Xəlilli bildirib ki, simpozium iştirakçıları İtaliyaya səfəri zamanı Como gölündəki adaların birində aparılmış arxeoloji qazıntı ilə tanış olacaqlar. Sentyabrın 18-də Milan Politexnik Universitetində Simpoziumun açılış mərasimi keçiriləcək. QHT sədri simpoziumun iki gün davam edəcəyini vurğulayıb. Simpoziuma Azərbaycandan 50-yə yaxın elm və sənət adamı, alimlər, tarixçilər, arxeoloqlar, tədqiqatçılar, rəssamlar qatılaraq öz işlərini təqdim edəcəklər. Azərbaycandan millət vəkillərinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin də simpoziuma qatılacağı gözlənilir.

Simpoziumda türk tarixi, ədəbiyyatı, folkloru, incəsənətinə dair məruzələr (rəsm əsəri, heykəl və s. türk plastik sənətləri və ənənəvi türk incəsənəti ilə bağlı mövzular), türk elmi (türk ictimai elm və texnika sahəsindəki bütün mövzular), türk arxeologiyası (arxeoloji qazıntılar, mühafizə sistemləri, memarlıq abidələrinin qorunması üçün texnikalar, bərpa-ortaq fəaliyyət sahələrində birgə çalışan tədqiqatçı və texniklərin tədris fəaliyyətləri, yaşayış yerlərinin monitorinqi) dinləniləcək.

Qeyd edək ki, simpozium zamanı həmçinin beynəlxalq sərgi, MİRAS Musiqi Qrupunun ifasında Azərbaycan Muğamı gecəsi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə