Oqtay Əsədov: "İkili standartlar münaqişənin həllini ləngidir"

Oqtay Əsədov: "İkili standartlar münaqişənin həllini ləngidir"

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT-ə üzv 19 ölkənin bu qurumdakı daimi nümayəndəsini qəbul edib. SİA-nın xəbərinə görə, Oqtay Əsədov Azərbaycanın regiondakı mühüm rolundan, əldə etdiyi siyasi, iqtisadi uğurlardan, Avropaya inteqrasiyasından, hüquqi, demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlardan, beynəlxalq qurumlarla səmərəli əməkdaşlığından danışıb. Bildirib ki, Avropaya inteqrasiya rəsmi Bakının xarici siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bir sıra uğurlara imza atıb, dünyadakı mövqelərini daha da möhkəmlədib.
Sədr diqqətə çatdırıb ki, bu gün qloballaşan dünyada beynəlxalq təşkilatların rolu gündən-günə artır. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə üzvdür və onların işində yaxından iştirak edir. Rəsmi Bakı ATƏT-in sülhün bərqərar olması, eləcə də demokratiya, insan hüquqları, ətraf mühit və iqtisadi inkişafla bağlı təşəbbüslərini alqışlayır və dəstəkləyir.
Azərbaycanın regiondakı aparıcı roluna toxunan Oqtay Əsədov bildirib ki, ölkəmiz bu bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır. Cənubi Qafqaz regionunda istehsal olunan ümumi daxili məhsulun 80 faizə qədəri Azərbaycanın payına düşür. Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir, eyni zamanda, həm region, həm də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi təhdiddir. Hesab edirik ki, bu problem həll olunmadan bölgədə sülhün və təhlükəsizliyin etibarlı təminatı mümkün deyil.
Oqtay Əsədov səfirləri bu problemin ədalətli həllində, münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpası məsələsində səylərini artırmağa çağırıb. Bildirib ki, bu gün işğalçı ilə işğala məruz qalmış ölkələr arasında fərq qoyulmaması, bəzi məsələlərdə qətiyyətsizlik, ikili standartlar bu münaqişənin həllini ləngidir. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin nizamlanmasına dair qəbul etdiyi qərar və qətnamələrin icrası problemin həlli üçün ən yaxşı əsasdır.
Qəbul üçün minnətdarlığını bildirən Norveçin ATƏT-dəki daimi nümayəndəsi Robert Kvil məlumat verib ki, səfərin əsas məqsədi region ölkələri ilə daha yaxından tanış olmaqdır. Qonaq qeyd edib ki, səfər çərçivəsində Ermənistanda və Azərbaycanda keçirdikləri görüşlər, əldə etdikləri məlumatlar onlarda bölgədəki vəziyyətlə bağlı dolğun təəssürat yaradacaq. Söhbət zamanı bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafına, eləcə də mövcud problemlərin həllinə yeni imkanlar açacağına əminlik ifadə olunub.
Sonra görüşdə Azərbaycanın qərbə inteqrasiyası, ATƏT-lə əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə