Artıq pasport almaq, yaşayış evlərinin dövlət qeydiyyatına alınması, yaxud hər hansı sənədin notariusda təsdiqlənməsi üçün nəinki bir neçə dövlət qurumuna getmək, heç evdən çıxmaq da lazım gəlməyəcək. Vətəndaşlara xidmət edəcək yeni yaradılan qurumun artıq əsasnaməsi təsdiqlənib, strukturu müəyyən edilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qurumun aparatından və "Asan xidmət" mərkəzindən ibarət olacaq. Vətəndaşlara xidməti həyata keçirəcək əsas orqan da elə bu mərkəzdir. Vətəndaş həm bu mərkəzə gedib buranın əməkdaşlarına müraciət etməklə, həm burada quraşdırılan kompüterlər vasitəsilə elektron xidmətlərdən yararlanmaqla, yaxud mərkəzə getmədən, qanunla müəyyən olunmuş məbləğdə vəsait ödəməklə, mərkəzin xidmətindən istifadə edə bilər. Bu mərkəz həm də vətəndaşlara telefon və internet vasitəsilə lazımi sənədlər barədə pulsuz məlumat xidmətləri göstərəcək. Ümumilikdə xidmətlər pulsuzdur. Sənədlər üçün təyin olunan bütün rüsumların məbləği dəyişməz olaraq qalır. "Bir pəncərə" sisteminə uyğun olaraq vətəndaş asan xidmət mərkəzinin yerləşdiyi binada lazım olan bütün sənədləri operativ qaydada əldə edə biləcək.
"Vətəndaş yalnız bu mərkəzə müraciət etməklə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu ala, dəyişə, nikahın, doğumun, ölümün qeydiyyata alınması barədə sənəd ala, notariat xidmətindən istifadə edə, sürücülük vəsiqəsini dəyişə, həmçinin daşınmaz əmlakla bağlı əməliyyatlar apara bilərlər. Ümumilikdə yeni qurum vətəndaşlara 23 növ xidmət göstərəcək", - deyə agentliyin sədri İnam Kərimov bildirib.
Mütəxəssislər hesab edirlər ki, bu qurumun yaradılması ilə vətəndaşlara göstərilən xidmətin səviyyəsi yüksələcək, prosedurlar sadələşəcək.
Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, bu qurum bir növ vətəndaşın vəkili rolunu oynayır. O qeyd edib ki, vətəndaş bir neçə quruma getməyəcək, bu qurum onun əvəzinə vasitəçi olacaq.
Bu agentliyin yaradılmasının ən böyük üstünlüyü isə vətəndaşla məmur arasında təmasın aradan qaldırılmasıdır. Bu isə korrupsiya imkanlarının azalması deməkdir.
Qurumun yaxın 2-3 ay ərzində fəaliyyətə başlaması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB