Bu gün "NUR" Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Kiber Gənclər Düşərgəsi" təşkil edib. Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Tədbirin başlıca hədəfi internetin imkanlarından düzgün yararlanmaq, Azərbaycan həqiqətlərini, ərazi bütövlüyünü virtual şəbəkədə dünyaya çatdırmaqdır. "Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçirilən düşərgədə 15-18 yaşlı 40 nəfər iştirak edib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə internetin gənclər tərəfindən bilikli istifadə olunmasından danışıb. "Gənclərimiz internetdən müəyyən məqsədlər üçün istifadə edir, yeni dostlar qazanırlar. Daha yaxşı olar ki, onlar yeni tanış olduqları insanlara Azərbaycan həqiqətləri və onun ərazi bütövlüyü haqqında məlumat versinlər. bununla da biz virtual aləmdə ölkəmizin təbliğini həyata keçirə bilərik ".
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərin kütləvi surətdə internetdən istifadə etdiyini bildirib: "Dövlət proqramı çərçivəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində kifayət qədər addımlar atılır. Gənclərin beynəlxalq mübadiləsi həyata keçirilir. Bu gün, biz proqram çərçivəsində bir sıra ölkələrlə gənc mütəxəssislər və tələbələrin mübadiləsini həyata keçiririk. Bu yay da geniş miqyaslı- təxminən 3 minə yaxın gənci əhatə edən düşərgələr təşkil olunub. Bu proqram çox geniş şəkildə icra olunur və proqramın monitorinqini təmin etmək üçün əlaqələndirmə şurası formalaşıb. Əlaqələndirmə şurasında nazirliklərlə yanaşı beynəlxalq təşkilatların və qeyri-hökümət, gənclər təşkilatı nümayəndələri təmsil olunur ki, tam şəffaflıq bu icrada təmin edilsin".
Bundan sonra isə dövlət rəsmiləri fəal gənclərin suallarını cavablandırıb.
Qeyd edək ki, bütün iştirakçılar fəal internet istifadəçiləridir. İştirakçıların seçimi ərizə əsasında müsabiqə və internet vasitəsilə müsahibə yolu ilə aparılıb. Düşərgə müddətində gənclər internetlə təmin olunacaq və bununla da əldə etdikləri yeni informasiya və biliklərdən praktik şəkildə faydalana biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB