Beynəlxalq sərgi keçirildi

Bu gün Bakıda Azərbaycanda ilk dəfə "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgi keçirilib. SİA-nın məlumatına görə, "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən sərginin aktuallığı şəhər ərazisindən səmərəli istifadə olunması ilə bağlı hər il artan ehtiyyacla əlaqədardır. Yeraltı məkandan (yeraltı avtomobil yolları, avtomobillər üçün dayanacaqlar, tunellər, metro, mağazalar və s.) rasional istifadə layihəçilər, memarlar, inşaatçılar, qazmaçılar, həmçinin şəhər icra hakimiyyəti, kommunal xidmətlər və bir sıra digər istiqamətlərin nümayəndələrində ciddi maraq doğurur. Bundan əlavə, yeraltı məkandan səmərəli və müasir şəkildə istifadə həm meqapolislər, həm də adi şəhərlər üçün son dərəcə vacib bir məsələyə çevrilir.

Qeyd edək ki, Bakı konqres-sərgi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak ediblər. Ümumilikdə, konfransa 300 nümayəndə akkreditə olunub. Konqreslə birlikdə sərgi təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının baş nazirinin müavinin Abid Şərifov, Azərbaycan Tunelçilər Birliyinin Sədri "AzərTunelMetroTikinti" SC-nın prezidenti Şaiq Əfəndiyev, Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiyasiyasının prezidenti, Koreya Universitetinin professoru İn Mo Li və digər rəsmi nümayəndələr iştirak edib.

Sərgidə qabaqcıl şirkətlər öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirib.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən birbaşa dəstək verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə