Azərbaycanın inkişaf prioritetləri

Azərbaycanın inkişaf prioritetləri

Gənclərin I Liderlik Forumunda "Azərbaycanın inkişaf prioritetləri: insan kapitalına yatırımlar" mövzusunda görüş keçirilib

Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumunun ikinci günündə "Azərbaycanın inkişaf prioritetləri: insan kapitalına yatırımlar" mövzusunda keçirilən paneldə ekspert qismində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış ediblər. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Bəhram Xəlilov çıxışında gəncləri bir araya gətirən belə tədbirlərin yüksək əhəmiyyətini qeyd edərək bildirib ki, bu cür forumların keçirilməsi gənclərin onları maraqlandıran məsələlər haqqında müzakirələr aparıb, ortaq bir məxrəcə gəlməsi baxımından çox önəmlidir. Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda insan kapitalına yatırımlar dövlət səviyyəsində müxtəlif istiqamətlər üzrə həyata keçirilir və bu öz nəticəsini çox qısa zamanda göstərməkdədir. B. Xəlilov eyni zamanda qeyd edib ki, bu gün öz üzərində çalışan, özünü müasir dövrün tələblərinə uyğun formalaşdıran gənclərə bütün sahələrdə, o cümlədən gənclər sektorunda geniş imkanlar açılıb: "Bizim komissiyanın da əsas məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etməyə dəstək verməkdir".

Daha sonra çıxış edən Elman Abdullayev bildirib ki, Azərbaycan Gənclərinin I Liderlik Forumu, ümumiyyətlə bu səpkili tədbirlərin həyata keçirilməsi ölkə gəncliyinin həyatında mühüm yer tutur və eyni zamanda bu gənclər arasında faydalı şəbəkələşmənin yaranmasında çox vacib amildir. XİN rəsmisinin sözlərinə görə, gənclərimiz bu gün informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək, Azərbaycan həqiqətlərinin dünya səviyyəsində təbliğinə çalışmalıdırlar.

Qeyd edək ki,"2012-ci il Azərbaycan Gənclər Paytaxtı" olan Gəncə şəhəri Azərbaycan Gənclərinin I Liderlik Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "Gənclərin Dostluq Şəbəkəsi" İctimai Birliyi və "İRƏLİ" İctimai Birliyininin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə