“Azərbaycanın inkişaf prioritetləri: insan kapitalına yatırımlar”
Gəncə şəhərində Ramada Hoteldə keçirilən Azərbaycan Gənclərinin I Liderlik Forumunun ikinci günündə "Azərbaycanın inkişaf prioritetləri: insan kapitalına yatırımlar" mövzusunda panel keçirilib. SİA-nın xəbərinə görə, paneldə ekspert qismində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış ediblər.
Bəhram Xəlilov çıxışında gəncləri bir araya gətirən belə tədbirlərin yüksək əhəmiyyətini qeyd edərək bildirib ki, bu cür forumların keçirilməsi gənclərin onları maraqlandıran məsələlər haqqında müzakirələr aparıb ortaq bir məxrəcə gəlməsi baxımından çox önəmlidir. Ekspertin
sözlərinə görə bu gün Azərbaycanda insan kapitalına yatırımlar dövlət səviyyəsində müxtəlif istiqamətlər üzrə həyata keçirilir və bu öz nəticəsini çox qısa zamanda göstərməkdədir. B.Xəlilov eyni zamanda qeyd edib ki, bu gün öz üzərində çalışan, özünü müasir dövrün tələblərinə uyğun formalaşdıran gənclərə bütün sahələrdə, o cümlədən gənclər sektorunda geniş imkanlar açılıb: "Bizim komissiyanın da əsas məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etməyə dəstək göstərməkdir".
Daha sonra çıxış edən Elman Abdullayev bildirib ki, Azərbaycan Gənclərinin I Liderlik Forumu, ümumiyyətlə bu səpkili tədbirlərin həyata keçirilməsi ölkə gəncliyinin həyatında mühüm yer tutur və eyni zamanda bu gənclər arasında faydalı şəbəkələşmənin yaranmasında çox
vacib amildir. XİN rəsmisinin sözlərinə görə gənclərimiz bu gün informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək, Azərbaycan həqiqətlərinin dünya səviyyəsində təbliğinə çalışmalıdırlar.
Qeyd edək ki, "2012-ci il Azərbaycan Gənclər Paytaxtı" olan Gəncə şəhərində Azərbaycan Gənclərinin I Liderlik Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "Gənclərin Dostluq
Şəbəkəsi" İctimai Birliyi və "İRƏLİ" İctimai Birliyininin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB