Bakı şəhərində fiziki şəxs M.Məmmədquliyevə məxsus sexdə "Bizim ailə" nişanlı qatıq, xama, dovğa, kəsmik və ayranın, Şirvan şəhərində fiziki şəxs G.Vəliyevaya məxsus sexdə şərq şirniyyatının, "Şirvan Sənaye Kombinatı-2" ASC-də şaquli dəlikli yüngül fabrik kərpicinin, Qax şəhərində fiziki şəxs Z.Abdullayevə məxsus sexdə duşes limonadının istehsalı və satışı qadağan edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinən SİA-ya verilən məlumata görə, Lənkəran rayonunda keramik daş və kərpic istehsal edən "Xarxatan kərpic istehsal kooperativi" ilə bağlı materiallar Lənkəran rayon prokurorluğuna təqdim olunub.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus "Bizim ailə" nişanlı süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Müəssisədə istehsal olunan məhsulların müəyyən edilən qaydada təsdiq olunan resepturaları və texnoloji təlimatları mövcud deyil ki, bu da normativ sənədlərin – AZS 092-2003, AZS 220-2006, AZS 121-2004, AZS 089-2003 və AZS 091-2003 standartının tələblərinə və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir. Bundan başqa istehsalda texnoloji proseslər pozulur, nəzarət olunmalı göstəricilər gözəyarı müəyyən edilir. Markalanmada normativ sənədlərin tələbi pozularaq nəticədə istehlakçılar aldadılır. Belə ki, istehsalda sırf quru süddən istifadə olunduğu halda, etiketlərdə "camış qatığı" kimi yalnış məlumatlar göstərilir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus sexdə "Bizim ailə" nişanlı 3,2% yağlılıqda qatığın, 15% yağlılıqda xamanın, dovğanın, pəhriz kəsmiyinin, qazlaşdırılmış ayranın və digər süd məhsullarının istehsalı və satışı qadağan edilib.
Komitə təfindən həmçinin, Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülnar Vəliyevaya məxsus şirniyyat sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, şərq şirniyyatının təhlükəsizlik göstəricilərini təsdiq edən gigiyenik sertifikat və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən uyğunluq sertifikatı olmadan, həmçinin resepturasız məhsul istehsal olunur. Bundan başqa hazır məhsulların mütəmadi olaraq sınaqları aparılmır, bunun üçün akkreditasiya olunan laboratoriya ilə müqavilə mövcud deyildir. Aşkar olunan bu və digər nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən protokol tərtib edilib. Fiziki şəxs Gülnar Vəliyevaya məxsus sexdə şərq şirniyyatının istehsalı və satışı qadağan edilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında fəaliyyət göstərən "Şirvan Sənaye Kombinatı-2" ASC-də kərpicin istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, "Şirvan Sənaye Kombinatı-2" ASC-də istehsal olunan şaquli dəlikli yüngül fabrik kərpiclərinin uyğunluq sertifikatı, radiasiya sınaq protokolu və hazır məhsulun sınaqlarının aparılması üçün laboratoriya ilə müqaviləsi yoxdur, istismar olunan 35 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməyərək istifadə olunuub. Aşkar olunan bu və digər nöqsanlarla əlaqədar "Şirvan Sənaye Kombinatı-2" ASC-də şaquli dəlikli yüngül fabrik kərpic məhsulunun istehsalı və satışı qadağan edilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Qax şəhəri, M.Maqamayev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zəfər Abdullayevə məxsus alkoqolsuz içki istehsalı sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsul istehsalı üçün sanitar norma və qaydalar pozulduğundan heç bir şərait yoxdur, müəssisənin sınaq laboratoriyası mövcud deyil, bundan başqa akkreditasiya olunan laboratoriya ilə müqaviləsi də yoxdur. Həmçinin istifadə olunan şüşə butılkaların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur, məhsulun sınaqları aparılmır, müəssisə normativ sənədlə təmin edilməyib. Aşkarlanan bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Zəfər Abdullayevə məxsus sexdə duşes limonadının satışı qadağan edilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi Lənkəran rayonu, Xarxatan kəndində fəaliyyət göstərən "Xarxatan kərpic istehsal kooperativi"ndə keramik daş və kərpic istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı istehsal olunan məhsulların AZS Milli sertifikatlaşdırma qaydalarına zidd olaraq sertifikatlaşdırılmadığı, istismar olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi və s. müəyyən olunub. Aşkar olunan nöqsanlarla əlaqədar müəssisədə məhsul istehsalını qadağan edən tələbnamə, iradnamə verilib, inzibati protokol tərtib olunub. Araşdırma zamanı müəssisənin nümayəndəsi Hüseynov Famil zakir oğlu tərəfindən dövlət müfəttişlərinə kobudluq göstərildiyinə və yoxlamaya aid sənədləri cırdığına görə protokol tərtib edilmiş, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi məqsədilə Lənkəran rayonu prokurorluğuna təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB