“Gündəm xəbər" qəzetində yazılanlar cəfəngiyyatdır

“Gündəm xəbər" qəzetində yazılanlar cəfəngiyyatdır

"Gündəm xəbər" qəzetinin 7 sentyabr 2012-ci il tarixli sayında "Bərdə rayon Torpaq Şöbəsinin müdirinin gizlinləri, Qərib Məmmədovun işçisi bələdiyyə sədrindən 110 min manat pul alıb" başlıqlı məqaləsi dərc olunub. Məqalənin müəllifi Kərim Həsənxanlı Bərdə rayon Torpaq şöbəsinin müdiri Həsən Həsənovun və onun qardaşı Vafiq Həsənovun ünvanına əsassız ittihamlar irəli sürüb. Qeyd edib ki, H.Həsənov vaxtilə 10 il müddətinə həbs olunub. Hazırda da Korrupsiyaya qarşı mübarizə idarəsində haqqında cinayət işi açılıb. Cinayət işi ilə əlaqədar qardaşı V.Həsənov 65 min manat həcmində pulu Korrupsiya idarəsinin əməkdaşı Fuad Rəsulova verib. Bundan əlavə məqalədə H.Həsənovun və V.Həsənovun bələdiyyədən və hansısa bir qadından dələduzluq yolu ilə pul mənimsədildiyi bildirilib. Bütün bunların müqabilində isə məqalədə artıq Bərdə rayon torpaq şöbəsinin müdiri Həsən Həsənov həbs olunduğu bildirilir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Komitə "Gündəm xəbər" qəzetində dərc olunan məqalədən xəbərdardır: "Bütün bu məlumatların nə qədər reallığa uyğun olduğunu aydınlaşdırmaq məqsədi ilə artıq Bərdə rayon torpaq şöbəsinin müdiri H.Həsənovla əlaqə saxladıq. Öz iş otağından bizimlə danışan Həsən Həsənov bildirdi ki, bu məqalədən xəbəri yoxdur. Hazırda öz iş otağında oturub vətəndaşların müraciətlərinin həlli ilə bağlı iş görür. Onun heç bir məhkumluğu yoxdur, haqqında cinayət işi açılmayıb. Məqalədə haqqında yazılan fikirlər cəfəngiyyatdır".

Bütün xəbərlər Facebook səhifəmizdə