Rasmussen Sarkisyanın təhdidinə cavab verdi

Rasmussen Sarkisyanın təhdidinə cavab verdi

NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün Bakıda prezident İlham Əliyevlə görüşüb. Təkbətək və geniştərkibli görüşdən sonra Anders Foq Rasmussen və prezident İlham Əliyev mətbuata açıqlama ilə çıxış ediblər. Azərbaycanın NATO üçün əhəmiyyətli ölkə olduğunu qeyd edən baş katib ölkəmizin xüsusilə Əfqanıstandakı əməliyyatlara dəstəyini yüksək qiymətləndirib. Rasmussen bildirib ki, alyans Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirmək fikrindədir.

NATO baş katibi Azərbaycan zabiti Ramil Səfərovun əfv edilməsindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı təhdid edən bəyanatlar verməsi və bunun ardınca Ermənistan terror təşkilatı olan ASALA-nın Azərbaycan diplomatlarını terrorla hədələməsinə də münasibət bildirib.

O, NATO-nun terrorizmin bütün formalarını pislədiyini deyib: "Biz bütün siyasi liderləri terrorizmə çağıran bəyanatlardan çəkinməyə çağrırıq. Lokal vəziyyətdən danışarkən burada gərginliyin azaldılmasına, əməkdaşlığın genişləndirilməsinə və gücləndirilməsinə ehtiyac var. Mən vəziyyətdən çox narahatam. Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirəm. NATO öz mövqeyini Çikaqo sammitində ifadə edib. NATO münaqişənin həllində iştirak edən qurum deyil. Biz Minsk qrupunun səylərini dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə