Bu məsələdə qanunlar da acizdir?

Bu məsələdə qanunlar da acizdir?

Bu gün "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi (İB) "Erkən yaşda yeniyetmələr arasında intihar halları" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İB-nin sədri Mehriban Zeynalova bildirib ki, Azərbaycanda azyaşlı qızların zorla ərə verilməsi məsələsi hələ də öz aktuallığını qoruyur.

Əvvəllər bu problemin ölkənin cənub bölgəsində daha geniş yayıldığını deyən M. Zeynalova: "Bu gün demək olar ki, Azərbaycanın istənilən bölgəsində azyaşlı qızların zorla ərə verilməsi halları artıb. Təssüflər olsun ki, bu problem hələdə qalmaqdadır. Baxmayaraq ki, 2010-cu ildən məişət zorakılığının aradan qaldırılması haqqında qanun qəbul edilib, lakin qanunlar hələ də insanların həyatına tam olaraq müdaxilə edə bilmir. Səbəblərdən biri isə, qanunun icra mexanizminin tam hazır olmaması ilə bağlıdır", -deyə əlavə edib.

İB rəhbəri onu da vurğulayıb ki, erkən nikahlar birbaşa məişət zorakılığının mərkəzində dayanmalıdır: "Ailə Uşaq və Qadın Problemləri üzrə Dövlət komitəsi bu məsələ ilə bağlı davamlı mesajlarını verir. Lakin ölkədə ciddi və davamlı kompaniyalarla yanaşı, cəzalandırma tədbirləri də tətbiq edilməlidir".

"Birliyimizin əsas məqsədi qadınlara qarşı zorakılığın aradan qaldırılmasıdır. Hamıya məlumdur ki, son zamanlar zorakılıq zəminində ölən qadınların sayında artım müşahidə olunur. Bunun aradan qaldırılması üçün bir sıra layihələr həyata keçiririk",- deyə İB rəhbəri qeyd edib.

M.Zeynalova "Təmiz Dünya"nın tədqiqatlarına istinadən onu da vurğulayıb ki, keçən il 131 qadın zorakılıq nəticəsində öldürülüb: "Bakıda 41-i namus, 33-ü qısqanclıq, 12-si isə mülki məsələ üstündə qadın cinayəti qeydə alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə