Bu istiqamətdə tədbirlər davam etdirilir
Sərhədlərimiz etibarlı qorunur

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-qanuni miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 75 nəfər saxlanılıb. Sərhəd pozucularının 57-si Azərbaycan, 3-ü Rusiya, 3-ü Özbəkistan, 3-ü Moldova, 2-si Gürcüstan, ikisi Nigeriya, hər ölkədən bir nəfər olmaqla İran, Türkiyə, Qırğızıstan, Somali vətəndaşı və bir nəfəri isə vətəndaşlığı olmayan şəxsdir. Saxlanılan şəxslərin 61 nəfəri saxta sənədlə, 4 nəfəri gizli şəkildə ölkəmizin sərhədlərini keçməyə cəhd göstərib.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 52 nəfər saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 190 nəfər tutularaq aidiyyəti orqanlara təhvil verilib.

Narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 122 kiloqram 432,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Belə ki, avqustun 2-də Yardımlı rayonunun Gendərə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sahibsiz 5,5 kiloqram marixuana, avqustun 6-da həmin rayonun Ostair kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sahibsiz 5 kiloqram həşiş, 950 qram tiryək, 690 qram heroin aşkar edilərək götürülüb.

Avqustun 17-də Biləsuvar rayonundakı Şəhriyar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası tərəfdən dövlət sərhədini pozmuş 5 nəfər sərhəd pozucusu sərhədçilərin qanuni tələblərinə məhəl qoymayıb, silahlı müqavimət göstərib və havanın qaranlıq olmasından, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçmağa nail olublar. Hadisə yerinə baxış zamanı 3 bağlamada 66 kiloqram tiryək aşkar olunaraq götürülüb.

Avqustun 18-də Astara rayonundakı Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs İran İslam Respublikası tərəfdən sərhədimizi pozmağa cəhd edib. Sərhədçilərin xəbərdarlıq atəşindən sonra sərhəd pozucuları geriyə qaçıblar. Baxış zamanı ərazidən 9 kiloqram həşiş aşkar olunub.

Avqustun 30-da Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə keçirilən tədbirlər nəticəsində İrandan Azərbaycana keçən Naxçıvan şəhər sakini, 1978-ci il təvəllüdlü Nəcəfov Bəxtiyar Əsəd oğlunun idarə etdiyi "MAN" markalı Az 85-AD-799 dövlət qeydiyyat nömrəli yük maşınının qoşqusunun alt hissəsində ramaya maqnitlə yapışdırılmış 61 qram həşiş aşkar olunaraq götürülüb.

Həmin gün Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfərin İrandan Azərbaycana keçməsinin qarşısı alınıb. Sərhəd pozucularının yaxalanması zamanı sərhəd naryadlarına odlu silahdan atəş açılıb, sərhədçilərin cavab atəşindən sonra sərhəd pozucularının biri-1976-cı il təvəllüdlü Behnəm Pənahi Şirəli saxlanılıb, həmin ərazidən 35 kiloqram həşiş və bir tapança götürülüb.

Ay ərzində 4 halda Azərbaycan və İran vətəndaşları az miqdarda narkotik vasitələri bədənlərində və ya əl yüklərində gizlədərək sərhədi keçirməyə cəhd edərkən saxlanılıblar.

"Xaş-xaş-2012" şərti adı altında keçirilən tədbirlər nəticəsində avqustun 14-də Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 1270 kiloqram olan 1850 ədəd çətənə kolu aşkar edilərək yerli icra hakimiyyətinin, hüquq mühafizə, bələdiyyə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 61 halda ümumi dəyəri təqribən 410 min manat olan qaçaqmal, o cümlədən 2 tapança, 8 ədəd 9 millimetrlik patron, 20 kiloqram qırma, 25 ədəd 16 millimetrlik giliz, 100 giliz tıxacı, bir mina axtaran cihaz, 2262 mobil telefon, 2336 mobil telefon aksesuarı, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə