"Konstitusiya" Araşdırmalar Fondu Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun "Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi" Proqramı üzrə "Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması" layihəsini həyata keçirir. SİA-nın xəbərinə görə, layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin ən yaxşı qabaqcıl təcrübəyə və müasir standartlara uyğun qurulmasına yardım göstərilməsi, bu mərkəzlərin fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılmasıdır.
Layihə çərçivəsində "Konstitusiya" Araşdırmalar Fondu tərəfindən "Vahid pəncərə" modeli əsasında dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi ilə bağlı Brazilya, Almaniya, Kanada, Böyük Britaniya, Yunanıstan təcrübəsi öyrənilib. Həmçinin, MDB ölkələrindən Rusiya, Qazaxıstan, Qırğızıstan təcrübəsində "vahid pəncərə" modelinin necə fəaliyyət göstərdiyi araşdırılıb. Beynəlxalq təcrübənin öyrənilməsi əsasında ən yaxşı nümunələrin Azərbaycanda tətbiqi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin müasir standartlara uyğun qurulması məqsədilə təkliflər paketı hazırlanıb.
Təkliflər Paketinə "ASAN xidmət" mərkəzlərinin işinin asanlığının qiymətləndirilməsi ilə bağlı meyarlar, ilk vaxtlarda hansı xidmətlərin göstərilməsi, xidmət standartları, Mərkəzlərin yerləşməsi, təşkili, onlayn xidmər göstərilməsi, telefon-məsləhət xidmətinin təşkili, iş yükü ilə bağlı konkret tövsiyyələr daxildir. Eyni zamanda, mərkəzlərə müraciət edəcək vətəndaşların rahatlığının təmin olunması ilə bağlı hansı zəruri standartlara riayət olunması barədə təkliflər də bu paketdə əks olunub. Fond tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin Əsasnamələrinin layihələri hazırlanaraq Prezident Admnistrasiyasına təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB