Millət vəkili dünya qadınlarını etiraza səslədi

Millət vəkili dünya qadınlarını etiraza səslədi

Qənirə Paşayeva Amerikalı senator Liza Braun ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Vaşinqton Ştatının senatoru Liza Braun ilə görüşüb. Liza Braunu Bakıda görməkdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə ABŞ-ın qanunvercilik orqanları arasında əlaqələrin və əməkdaşlığın getdikcə daha da artdığını qeyd edib və parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə qonağa ətraflı məlumat verib. Bu gün Azərbaycan qadınının ictimai həyatın hər bir sahəsində fəallıq göstərdiyini deyən millət vəkili Azərbaycanda dövlət qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühüm qanunvericilik aktların, dövlət proqramlarının qəbul edildiyini, mövcud qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə də məlumat verib.Millət vəkili Azərbaycanın tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə də bağlı qonağa ətraflı məlumat verib və fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildir tapdalanmaqda davam etməsindən də danışıb. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm faktlarına, körpə uşaqların qətlə yetirilməsinə, 100 minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Liza Braun Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi də aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə