Səfir “Media ulduzu” ilə təltif olundu

Səfir “Media ulduzu” ilə təltif olundu

Hulusi Kılıç "Jurnalist qadınlar klubu"nun növbəti qonağı olub

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) layihəsi olan "Jurnalist qadınlar klubu"nun növbəti qonağı səlahiyyət müddəti başa çatmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc olub. SİA xəbər verir ki, "Posseidon" restoranında baş tutan görüşdə AJQA sədri Sevil Yusifova H.Kılıcın fəaliyyəti dövründə həmişə mediaya açıq olmasını və iki qardaş dövlətin KİV-ləri arasında dostluq münasibətinin qurulmasında, iki eyni xalqın bir- birinə inteqrasiyasında onun yüksək xidmətinin olmasını bildirib.

O qeyd edib ki, səfir səlahiyyət dövründə müxtəlif uğurlu layihələrə imza atıb: "Heç kimə sirr deyil ki, kənar qüvvələr Azərbaycan-Türkiyə arasında anlaşılmazlıq və qarşıdurma salmaq məqsədilə düşmən mətbuatında yalan məlumatlar yayaraq çirkin niyyətlərini reallaşdırmağa çalışıblar. Belə dönəmdə H.Kılıc bir qardaş ölkəni təmsil edən səfir kimi, eyni zamanda bir azərbaycanlı diplomat kimi hərəkət etdi və dəstəyini əsirgəmədi. O, həmişə jurnalistin dostu olmasını sübut edib". S.Yusifova bildirib ki, məhz H.Kılıcın dövründə azərbaycanlı jurnalistlər daha çox Türkiyəyə səfər edib.

Görüş zamanı H.Kılıc isə bildirib ki, səfir olduğu müddətdə Azərbaycanla bağlı onun çoxlu xoş xatirələri var: "Mənim üçün hər gün səhər Bakıda oyanmaq Ankarada oyanmaq kimidir. Mən həmişə demişəm ki, Azərbaycan üçün canımdan da keçməyə hazıram". O, səfir işlədiyi müddətdə gözəl illər keçirdiyini və eyni zamanda media ilə də yaxşı dostluğu olduğunu vurğulayıb.

Sonda səfir AJQA adından "Medianın ulduzu" diplomu ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə