Gənclər Parlamentinə kim düşəcək?

Ceyhun Osmanlı: “Gənclər Parlamenti 50 nəfərlik heyətlə 2 il ərzində fəaliyyət göstərəcəkdir"
Gənclər Parlamentinə kim düşəcək?

Azərbaycan Gənclər Parlamenti (AGP) yaxın gələcəkdə ölkənin gənclər və ictimai-siyasi proseslərində fəal rol oynayan ciddi təşkilata çevriləcəkdir.

Bu sözləri AzərTAc-a məxsusi müsahibəsində Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib.

C.Osmanlı bildirib ki, Prezident tərəfindən ötən il imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsini nəzərə alaraq, bu parlamentin yaradılmasına həmin proqramın ayrılmaz tərkib hissəsi, gənclərin problemlərinin aşkarlanması, müzakirəsi və həllində böyük rol oynayacaq bir layihə kimi baxmaq lazımdır.

Gənclər Parlamenti Azərbaycanda insan kapitalının inkişafına dəstək göstərəcək, istedadlı gənclərin aşkar edilməsi və gələcəkdə onlara davamlı investisiyanın yatırılmasına kömək göstərən və bu şəkildə peşəkar kadrlar yetişdirən ciddi gücü özündə ehtiva edəcəkdir. Deputat AGP-nin müxtəlif qanunlar və cəmiyyəti narahat edən daha aktual məsələlər üzrə ictimai müzakirələr təşkil edəcəyini deyib.

AGP-yə daxil olan 1187 ərizədən 809-nun təsdiqləndiyini, namizədlərin imtahana dəvət olunduğunu bildirən Milli Məclisin deputatı demişdir: "Gənclər Parlamentinin formalaşdırılmasının birinci mərhələsində yaşı 18-28 arasında olan gənclər arasında ərizə qəbulu elan olunub. Ərizələr may ayınadək qəbul edilib, daxil olan sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya göndərilib. İmtahanlar Komissiya tərəfindən iyulun 23, 24, 25-də və avqustun 1, 2-də keçirilib. İmtahanlarda ümumilikdə 543 namizəd iştirak edib və ən yüksək nəticə toplayan 208 nəfər növbəti mərhələyə keçib".

Sentyabrın ortalarında növbəti mərhələyə keçən 208 gənc arasından AGP –nin 50 nəfərdən ibarət tərkibinin formalaşacağını bildirən C.Osmanlı bu mərhələdə 13 nəfərdən ibarət olan seçki komissiyasının seçim edəcəyini diqqətə çatdırıb.

AGP heyəti seçkisinin televiziya ilə yayımlanacağını bildirən deputat deyib: "Gənclər Parlamenti 50 nəfərlik heyətlə 2 il ərzində fəaliyyət göstərəcəkdir. 11 nəfərdən ibarət təşəbbüs qrupunun qərarına görə isə bu müddət dəyişdirilə də bilər. Gənclər Parlamentinin öz sədri, sədr müavinləri, komitələri və onların rəhbərləri olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə