"Azərbaycanın haqq səsini müdafiə etmişik"

İranın vitse-prezidenti: "Biz bunu Qoşulmama Hərəkatının Tehranda keçirilən ali tədbirində də göstərdik”
"Azərbaycanın haqq səsini müdafiə etmişik"

"İki ölkə - Azərbaycan və İran münasibətlərinə bundan sonra daha həssas yanaşacaq. Münasibətlərin inkişafı üçün əlimizdən gələni edirik və edəcəyik. Biz bütün beynəlxalq təşkilatlarda Azərbaycanın prinsipial mövqeyini, haqq səsini müdafiə etmişik və edəcəyik. Biz bunu Qoşulmama Hərəkatının Tehranda keçirilən ali tədbirində də göstərdik". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayelə görüşündə deyib.

Vitse-prezident bəyan edib ki, İran Azərbaycanla əməkdaşlığını bundan sonra da yüksək səviyyədə davam etdirəcək. O, Azərbaycana dəvət olunduğuna görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib: "Sizi arxayın edirəm ki, Azərbaycanda keçirilən hər bir beynəlxalq konfrans və tədbirlərdə ən yüksək səviyyədə iştirak edəcəyik. Bu bir daha Azərbaycanın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir".

Ə. Qarayev də öz növbəsində iki ölkə arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da genişlənməsinə əhəmiyyət verdiklərini söyləyib. Nazir İran İslam Respublikasının vitse-prezidentini Azərbaycanda keçiriləcək növbəti tədbirlərə də dəvət edib və gələcəkdə ölkələr arasında əməkdaşlığın gücləndiriləcəyini vurğulayıb.

Daha sonra görüş qapalı şəkildə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə