Səfər yekunlaşdı

"İRƏLİ"-nin sədri Rauf Mərdiyevin İslandiya səfəri yekunlaşıb

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev ilk olaraq 25-29 avqust tarixlərində EYTC Konfransında iştirak edib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, konfransın mövzusu Avropa ölkələrində gənc donorların fəaliyyətinin təşkili və Avropanın donor təşkilatları arasında yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub. Eyni zamanda konfrans müddətində "Avropa gənclər təşkilatlarının fəaliyyəti" adlı kitabın hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Rauf Mərdiyev 30 Avqust-4 Sentyabr tarixlərində Reykavik şəhərində keçirilmiş IYC beynəlxalq gənclər forumuna qatılıb. "Gənclər təşkilatları: struktur, infrastruktur və fəaliyyətin genişləndirilməsi" mövzusunda baş tutmuş forumda dünyanın 20 ölkəsindən 60 nəfər gənclər təşkilatı rəhbərləri iştirak edib. Forum çərçivəsində İslandiya Prezidenti Olafur Ragnar Grimsson gənclərlə görüşüb. Eyni zamanda forum iştirakçıları İslandiyanın bir sıra dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Forumun əsas məqsədi yeniləşən mühitdə gənclər təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərinin, yeni yanaşma nəzəriyyələrinin və eyni zamanda cəmiyyətdə gənclər təşkilatlarının rolunun artırılması yollarının müzakirəsi olub.

Forumda eyni zamanda Azərbaycan Qan Donorları Assosiasiyasının (QDA) sədri Fuad Əsgərov da iştirak edib. QDA "İRƏLİ" İctimai Birliyinə üzv olmaqla Azərbaycandan donorluq sahəsində 5 ildir fəaliyyət göstərən ən böyük qeyri-hökumət təşkilatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə