"ASALA" terrorçu fəaliyyəti TARİXƏ NƏZƏR

"ASALA" terrorçu fəaliyyəti TARİXƏ NƏZƏR

Ermənistan və erməni diasporu Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar süni ajiotaj yaratmağa və beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə davam edir. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını müxtəlif üsullarla hədələyirlər. Məlum olduğu kimi, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirib və öz missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətini davam etdiriblər. Ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror aktları bu təşkilatların bədxah əməlinin nəticəsidir.

Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə Ermənistanın ASALA Fighters terror təşkilatından sənəd daxil olub. Bu sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilir. Təbii ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanan Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.

Bu addımlar da Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hədələrdən biridir. ASALA-nın bu hədəsinə Azərbaycan dövləti tərəfindən müəyyən münasibətlər açıqlanıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanın diaspor nümayəndəlikləri fəaliyyət göstərir. Onun sözlərinə görə, hər dəfə Azərbaycan diaspor təşkilatları tərəfindən keçirilən tədbirlərə qarşı müxtəlif təhdidlər olsa da bunların qarşısı alınıb: "Azərbaycan diaspor təşkilatının dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi işlər və fəaliyyətləri hər zaman erməni diasporunu qıcıqlandırır. Diaspor təşkilatının fəaliyyətinə qıcıqlanan ermənilər dəfələrlə müəyyən tədbirlərin pozulması üçün müxtəlif cəhdlər edib. Yayılan hədə məktubu ilə bağlı dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlanılıb. Oradakı diaspor təşkilatlarına hər zaman bu kimi məsələlərə qarşı ayıq- sayıq olmalarına görə müəyyən tövsiyyələr verilib. Bizim diaspor təşkilatları xarici ölkələrdə yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrin hüquq mühafizə orqanları ilə daim əlaqəli şəkildə əməkdaşlıq etməlidirlər. Baş verə biləcək hər hansı bir fövqəladə halların və ya terrora cəhd hallarının qarşısını almaq üçün əlaqələri möhkəm qurmalıdırlar".

Vaxtilə ASALA terror təşkilatının rəhbərlərindən birini qətlə yetirən Qarabağ müharibəsi iştirakçısı və hərbçisi İbad Hüseynov isə bu gün Azərbaycanın güclü orduya malik olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın bu gücünə və qüdrətinə qarşı heç bir terror təşkilatı mübarizə apara bilməz: "ASALA" terror təşkilatının rəhbəri Monti Merkoryanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz".

Qəhrəman veteranımız deyib ki, Ramil Səfərov Bakıya gətiriləndən sonra xarici ölkələr tərəfindən müəyyən bəyanatlar səsləndirilir: "Ramil Səfərovun Bakıya gətirilməsi ilə prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan qüdrətli dövlətdir və onu qüdrətli prezident idarə edir. Əgər xalq prezidentin ətrafında birləşsə, heç bir kənar qüvvə və ya terror təşkilatı Azərbaycana bata bilməz. Hələ də ermənilər! Vaxtilə ermənilərin istənilən terroristlərinin postlarını 3 dəqiqə ərzində dağıdaraq 10-20 ermənini öldürürdük. Lakin o vaxtki hakimiyyətsizliyin ucbatından torpaqlarımız işğal olundu. Amma nə vaxtsa torpaqlarımızın qaytarılması haqqında fərman verilsə bir gün içərisində axşamdan başlayaraq səhərə kimi bütövlükdə ərazilərimizi azad edə bilərik".

Qeyd edək ki, "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirib: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".

ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gələrək bu niyyətlərini Livanda rəsmiləşdiriblər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirib. 14 oktyabr 1975-ci il Parisdə Türkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilib, ASALA bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. 8 avqust 1982-ci il BolqarıstandaTürkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan evinin qarşısında erməni terrorçusu tərəfindən qətlə yetirilib. Bu qətli də ASALA-nın törətdiyi açıqlanıb. 7 avqust 1982-ci il erməni terrorçuları Türkiyədə beynəlxalq hava limanına hücum təşkil edib. Belə ki, tapanca və əl qumbaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açıb. Bir terrorçu hava limanının restoranında 20 nəfəri girov qötürüb, digəri isə polis tərəfindən yaxalanıb. Girovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı 9 nəfər həlak olub. Terror aktı zamanı 82 nəfər yaralanıb. Terror aktına görə ASALA məsuliyyəti öz üzərinə götürüb.

ASALA Fransada daha geniş fəaliyyət göstərməkdədir. Buna səbəb isə bu ölkədə erməni terrorçularının sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, ABŞ, Yunanıstan, Cənubi Kipr, Suriya, İran, İsveçrə və Kanada kimi ölkələrdə ASALA terrorçuları fəaliyyətlərini davam etdirirlər. ASALA hələlik yalnız Türkiyə tərəfindən terror təşkilatı kimi tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə