Sədrlər Nabrana yola düşüblər

Sədrlər Nabrana yola düşüblər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə 6-12 sentyabr 2012-ci il tarixlərində Nabran qəsəbəsində ali və orta ixtisas təhsil müəssisələrinin "Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri üçün liderlik məktəbi" layihəsi keçirir. ATGTİ-dan SİA-ya verilən məlumata görə, layihədə regionlarda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin TGT sədrləri də iştirak edir.

Artıq 90-a yaxın TGT sədri layihənin reallaşdığı "Xəzər" istirahət kompleksinə yola düşüblər. Bu gün ərzində TGT sədrləri layihənin proqramı ilə tanış olacaq, komandalara bölünəcəklər.

7 sentyabrda AzGF nümayəndələrinin və dövlət rəsmilərinin iştirakı ilə layihənin rəsmi açılış mərasimi keçiriləcək və təlimlərə start veriləcək. TGT sədrləri "Planlaşdırma və iş bölgüsü", "Liderlik və komanda işinin təşkili", "TGT işinin təkmilləşdirilməsi" və "Layihələrin yazılması və idarə olunması" adlı 4 müxtəlif təlimə qatılacaqlar. Həmçinin "Liderlik Məktəbi" ərzində TGT sədrləri üçün AzGF-ın geniş təqdimatı keçiriləcək və fond tərəfindən layihələrin maliyyələşdirilməsi qaydaları açıqlanacaq.

Bundan əlavə iştirakçılar idman yarışlarında güclərini sınayacaq, intellektual yarışlarada iştirak edəcəklər. Layihə çərçivəsində Quba "Soyqırım məzarlığı" da ziyarət olunacaq.

"Liderlik Məktəbi"nin sonunda isə layihə iştirakçıları olan TGT sədrlərinə sertifikatlar veriləcək.

Qeyd edək ki, "Liderlik məktəbi"nin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərdə vahid struktur modelinin yaradılması, standart üzvləşmə sisteminin tətbiqinin işlənib hazırlanması,TGT sədrlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə