Dünən axşam eşitdiyimiz bir xəbər bizləri çox sarsıtdı. Bəlkə də bu vaxta kimi hər gün insanların yol qəzasında öldüyünü, yaxud piyadanın maşın vurulması nəticəsində həlak olduğunu eşidəndə bizə o qədər də təsir etmirdi. Amma dünənki hadisə sadəcə dəhşət idi. Belə ki, redaksiyamızın ən gənc əməkdaşlarından biri, 22 yaşlı Murad İsmayılzadə dünən gecə sürətin qurbanı oldu. Sentyabrın 5-də Ceyranbatan qəsəbəsinin ərazisində İsmayıl İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə piyada Murad İsmayılzadəni vurub. O, hadisə yerində dünyasını dəyişib.
Dünən bu xəbəri eşidənlər, səhər işə gələrkən bu xəbərlə qarşılaşanlar göz yaşı tökdü. Artıq 3 ildən çoxdur ki, bizimlə birgə çalışırdı. Murad bacarığı və işgüzarlığı ilə "Səs" qəzetinin ən seçilən əməkdaşlarından birinə çevrilmişdi. Bakı Dövlət Universitetini bitirəndən sonra bir il müddətində hərbi xidmətə gedərək Vətənə borcunu şərəfi, cəsarəti, qabiliyyəti sayəsində ödəmişdi. Əsgəri xidmətini 1 ay idi ki, başa vurub doğmalarının yanına qayıtmışdı. Sevdiyi jurnalist peşəsindən ayrı dura bilmədiyindən iki gün sonra özünə doğma bildiyi "Səs" qəzetinə gəlmişdi. Amma o, neçə-neçə arzular qurduğu jurnalist fəaliyyəti ilə cəmi bir ay yoldaşlıq edə bildi...
Çox sakit təbiəti vardı. Bəzən elə təsir bağışlayırdı ki, bir anlığa "onun jurnalistikada nə işi var" fikri ağlından keçirdi. Amma yazıları, şərhləri, SəsTV-də hazırladığı xəbərlər, reportajlar əvvəlki düşüncələrinin üstündən xətt çəkirdi.
... Dünən adəti üzrə əlində vərəq bir qapıdan çıxıb, o biri qapı arxasında yox olurdu. Soruşduq, dedi vitse-spiker Bahar Muradova ilə müsahibəyə gedirəm, amma istəyirəm ki, suallarım bol olsun. Axı, mən həm "Səs" qəzetinin, həm də SəsTV-nin adından gedirəm. Deməli məsuliyyəti də çoxdur. Redaktorlarla sualları müzakirə edirdik. Hərdən bir Muradın da astadan səsi eşidilirdi. Sualları təxmini olaraq qeyd edirdi...
Müsahibədən qayıdanda: "Bahar xanım məni yaman təriflədi. Dedi biz fəxr edirik ki, jurnalistikamızda sənin kimi kadrlar var". Yaman sevinirdi Murad.
Həmişə səhər bizi qapıda qarşılayan, astaca salam verib, azacıq gülümsəyən Murad bu gün bizə qara haşiyəyə alınmış çərçivədən baxırdı. Daha dinmirdi, amma əvvəlkitək gülümsəyirdi. Donmuş gülüşü ilə nə isə demək istəyirdi. Yəqin "bu nədən baş verdi" sualına cavab axtarırdı.
Həqiqətən kimdir günahkar, kimdir hər gün bir evin darvazasını ölümün üzünə açanlar. Hamı onun adını "sürət" qoyur. Axı, ölümə yol açan, ona şərait yaradan o sürəti kimlər Əzrayılın menyüsünə salır. Əlbəttə, başqasının həyatına biganə qalan haramzadalar, özünü başqasından üstün tutan naqislər. 22 yaşında bu gəncin günahı nə idi? Onu ölümün girdabına atan kəs Muradın yolun ortasında qalan və hələ də ölümlə çarpışan canına, ruhuna məhəl qoymadan qaçıbsa, deməli onun insanlığa sayqısı yoxdur, ondan bu ölkənin vətəndaşı ola bilməz.
P.S. Sürücü İ.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Allah rəhmət eləsin. Ailəsinə, yaxınlarına və iş yoldaşlarına səbr versin...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB