"Ölkə rəhbərliyi terrorçuluğa himayədarlıq edir"

Elman Abdullayev: "Ermənistan hakimiyyət seçki ərəfəsində millətçi dairələrin maraqlarına uyğun addımlar atır”
"Ölkə rəhbərliyi terrorçuluğa himayədarlıq edir"

"ASALA dünya miqyaslı terrorçu təşkilatlardan biridir. İndi bu qurum açıq şəkildə Azərbaycan vətəndaşlarını, eləcə də diplomatları hədələyir. Əgər vətəndaşlarımıza hər hansı bir xətər toxunsa, buna Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq, Ermənistan rəhbərliyi cavabdeh olacaq". Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə belə deyib.

Mətbuat konfransı keçirən XİN sözçüsü ASALA təşkilatının azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılmasında sonrakı açıqlamasına münasibət bildirib. Elman Abdullayev qeyd edib ki, təhlükəsizliklərinin təmin olunması üçün Azərbaycanın xaricdəki bütün diplomatık korpuslarına xəbərdarlıq edilib: "Diplomatlarımızı xəbərdar eləmişik ki, vəzifələrini icra etdikləri ölkələrdə təhlükəsizliklərinin təmin olunması üçün dövlətlərə rəsmi müraciət etsinlər. Bu məsələ bizim diqqət mərkəzimizidədir".

Mətbuat katibi Ermənistan prezidenti Serj Sərkisyanın son çıxışlarını təhdid və aqressiv dolu fikirlər adlandırıb: "Ermənistan prezidentinin çıxışları onu göstərir ki, ölkə rəhbərliyi terrorçuluğa himayədarlıq edir. Ermənistanın isterikası şou və populizm xarakteri daşıyır. Hakimiyyət seçki ərəfəsində millətçi dairələrin maraqlarına uyğun addımlar atır".

Elman Abdullayev İranda tutulmuş, sentyabrın 4-də azadlığa buraxılan gənc azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə haqqında da danışıb: "Şairlərin azadlığa çıxması əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan dövləti və prezident İlham Əliyev ölkə vətəndaşlarına qayğıkeş münasibətdədir. Ötən müddət ərzində şairlər xalqın, eləcə də hökumətin diqqətində olub və dəfələrlə qeyd edilib ki, onların buraxılmaması ölkələrarası münasibətlərin korlanmasına gətirə bilər. Onların vətənə qayıtması ədalətin bərpası deməkdir. Hazırda şairlərin Bakıya qayıtması üçün sənədləşmə gedir və tezliklə vətəndə olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə