Bəzi müxalif yönlü qəzetlərdə son vaxtlar Zərdab Rayon İcra hakimiyyətinin başçısının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan yazılar dərc olunur. SİA-ya verilən məlumata görə, informasiya vasitəsində su xətlərinin sıradan çıxması səbəbindən Zərdabda əhaliyə suyun pulla satılması, rayonun girişində icra başçısına haqq ödəməkdən imtina edən sahibkarların obyektlərinin qarşısının hörülməsi, rayonda çayların mühafizə zonasında meşələrin qırılması və vəzifələrə kadrların seçilib yerləşdirilməsi ilə bağlı əsassız məlumatlar yayılır.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Zərdab rayonunda əhali fasiləsiz işıq, qaz və su ilə təmin olunur. Bu sahədə heç bir problem yoxdur. Hazırda rayonda "Azərsu" ASC tərəfindən yeni su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı işlər aparılır. Əlavə olaraq onu da bildiririk ki, Ağsu rayonunun Küllülü kəndindən Zərdaba 72 km məsafədə 450 mm-lik boru ilə su xəttinin çəkilişində son tamamlanma işləri görülür.
Rayonun girişində sahibkarların obyektlərinin qarşısının hörülməsi barədə qəzetdə yazılan fikirlərlə bağlı bildiririk ki, rayonun "4 yol" adlanan girişində Türkiyədə istehsal olunmuş elektron tipli giriş qapısı quraşdırılmış, ərazisinin sağ və sol hissəsi müasir üslubda 400 metr məsafədə hörülərək, divarlar şəhərə estetik gözəllik verən ornamentlərlə bəzənmişdir. Ərazidə sahibkarların obyekti üçün 12 yerdən giriş-çıxış yerləri qoyulmuşdur və sahibkarlar üçün heç bir maneə yoxdur. Rayonda sahibkarlara xüsusi diqqət və qayğı göstərilməklə son 2 ildə 3 dəfə onlarla rayon rəhbərliyinin görüşü keçirilmiş və problemlərinin həllinə lazımi köməklik göstərilmişdir. Son 5 ildə şəhər mərkəzində tikilən çoxsaylı sahibkarlıq obyektləri şəhərə xüsusi gözəllik verməklə rayon rəhbərliyinin sahibkarlığa göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
Meşələrin qırılması ilə bağlı fikirlərə aydınlıq gətirərək bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2007-ci il tarixli 42s nömrəli "Türyançay çayının məcrasının təmizlənməsi və mövcud mühafizə bəndinin bərpası" ilə bağlı sərəncamına əsasən çayların mühafizə zonalarında Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən zəruri bəndbərkitmə işləri aparılmışdır.
Mətbuatda yer almış Zərdab rayonunda vəzifələrə kadrların seçilib yerləşdirilməsi ilə bağlı fikirlər də böhtandır, bunlar heç bir hüququ əsası olmayan yazılardır. Rayonun "Əkinçi" qəzetinin səhifələrində vakant iş yerləri barədə müntəzəm olaraq məlumatlar dərc olunur. Müraciət etmiş namizədlər hər bir strukturun öz qəbul qaydalarına uygun olaraq işə götürülür . Təəssüflər olsun ki, namizədlərin müvafiq Dövlət qurumlarında kecirilən testlərdən lazımi bal toplaya bilməməsi hələ də Rayon Polis Şöbəsində, Mərkəzi Rayon Xəstəxanasında , Təhsil Şöbəsində , Rayon İcra Hakimiyyətində , Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində və DSMF-nin rayon şöbəsində 100-ə yaxın vakant yerin qalmasına səbəb olur. Qəzetdə yazılanların əksinə olaraq bildiririk ki, artıq 3 aydan çoxdur ki, şəhər 2 və 3 saylı məktəblərə Təhsil Nazirliyi tərəfindən direktorlar təyin olunmuşdur.
"Eurovison 2012" Mahnı Müsabiqəsi adı altında güya büdcə təşkilatlarından, sahibkarlardan və sıravi vətəndaşlardan pul yığılması, təhsil işçilərinin, müəllimlərin məzuniyyət pullarının yarıbayarı alınması, icra aparatının işçilərini əmək haqqlarının verilməməsi ilə bağlı yazılar gülüş doğurur və həqiqətə uyğun deyildir.
Hazırda Respublikamızın digər rayonları kimi Zərdabdada geniş miqyaslı tikinti-abadlıq işləri görülür. Son 5 ildə rayonda 300-dən çox obyekt ya yeni tikilmiş, ya əsaslı təmir olunmuş, ya yenidən qurulmuşdur. Bu gün isə 13 obyekt, o cümlədən Heydər Əliyev parkında 7 obyekt açılışa tam hazırdır.
Ümumiyyətlə, yazılan fikirlər böhtan və hec bir fakta söykənməyən şantaj xarakterli olmaqla, rayonda aparılan işlərə kölgə salmaq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB