Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış İşçi Qrupunun ikinci iclası keçirilib. SİA-nın xəbərinə görə, iclas Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun və Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Namık Atanın sədrliyi ilə baş tutub. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə dostluq və qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb. Həmçinin əmək və sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün hər iki tərəfdən bütün səylərin göstərildiyi qeyd olunub.
İclasda cari il iyulun 12-də iki ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclasının Protokolunda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri, o cümlədən əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi məsələlərinin həllində birgə fəaliyyətin təşkili məsələləri müzakirə olunub. Qeyd olunub ki, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət və təftiş, əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində tədqiqatların aparılması və mütəxəssis mübadiləsinin həyata keçirilməsi olduqca zəruridir.
Tərəflər məşğulluq siyasəti üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması, peşə standartlarının uyğunlaşdırılması və peşə diplomlarının qarşılıqlı tanınmasını təmin etmək barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB