Beynəlxalq sərgi keçiriləcək

"Sentyabrın 10-11-də Bakıda Azərbaycanda ilk dəfə "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgi keçiriləcək. Əsas məqsəd isə, Bakı Metropoliteninin yeni stansiyalarının tikilməsinə xarici şirkətlər də cəlb etməkdir. Azərbaycan hökuməti Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətləri də cəlb etmək niyyətindədir": bu barədə Azərbaycan Tunelçilər Birliyinin və "AzərTunelMetroTikinti" ASC-nin sədri Şaiq Əfəndiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirin aktuallığı şəhər ərazisindən səmərəli istifadə olunması ilə bağlı hər il artan ehtiyacla əlaqədardır. Bundan əlavə, yeraltı məkandan səmərəli və müasir şəkildə istifadə həm meqapolislər, həm də adi şəhərlər üçün son dərəcə vacib bir məsələyə çevrilir. Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətlər maraq göstərirlər. Beynəlxalq konqres-sərgi çərçivəsində bununla bağlı danışıqlar çərçivəsində tender də elan olunacaq"

Qeyd edək ki, Ş.Əfəndiyev onu da əlavə edib ki, Bakı konqresi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak edəcəklərini bildiriblər. Ümumilikdə, konfransa 300 nümayəndə akkreditə olunub. Konqreslə birlikdə sərgi təşkil olunacaq. Bu sərgidə qabaqcıl şirkətlər öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirəcək.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən birbaşa dəstək verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə