Qənirə Paşayeva: "Bütün kənd və rayonlardan ümumi 32 qızıl medalın 7-ni Tovuz rayon gənclərinin qazanması çox yaxşı nailiyyətdir və bu məni sevindirir. Eyni zamanda hər il Tovuzdan ali məktəblərə daxil olan qızların sayının və göstəricilərinin artması da önəmli məsələdir" .
Tovuzda rayondan bu il yüksək balla respublikanın ali məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzdan ali məktəblərə qəbul olmuş qızların sayının və göstəricilərinin hər il artdığını xüsusi vurğulayıb.
"Savadlı cəmiyyət savadlı qadından, savadlı anadan keçir", - deyən millət vəkili Qənirə Paşayeva Tovuzdan ali məktəblərə daxil olan qızların sayının oğlanların sayından geri qalmamasını çox önəmli bir məsələ olduğunu qeyd edərək, bundan sonra da rayonda qızların təhsilə və onların ali məktəblərə daxil olmalarına xüsusi önəm vermələrinin vacibliyini vurğulayıb. Ölkəyə yaxşı vətəndaş olmaq üçün biliklərə mükəmməl yiyələnməyin zəruriliyini vurğulayan Q. Paşayeva tələbə adını qazanmış gənclərə uğurlar arzulayıb.
Çıxışlarda son illər Tovuz rayonundan respublikanın ali hərbi akademiya və liseylərinə qəbul olunanların sayının artması xüsusi vurğulanıb.
Tədbirin sonunda 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 84 gəncə Qənirə Paşayeva tərəfindən hədiyyələr təqdim edilib. Builki buraxılış imtahanlarında uğur qazanmış 7 məzuna da qızıl medallar təqdim olunub.
Eyni zamanda millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan gənclərlə onları narahat edən problemləri ətrafında da ətraflı fikir mübadiləsi aparıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəyini bildirib.
Qeyd edək ki, tədbirdən sonra tələbələr Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto şəkillərə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB