Müasir dünyamızda siyasi proseslər sürətlə dəyişdiyi kimi, narkotiklərin dövriyyəsi və siyasəti də durmadan dəyişir. SİA-nın məlumatına əsasən, BMT-nin hesablarına görə, bu gün 122 milyon insan gündəlik olaraq narkotik maddələrdən istifadə edir ki, onların da 26 milyonu narkotikdən gündəlik istifadə edən xəstə şəxslərdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem mövcuddur və ölkəmiz artıq 20 ilə yaxındırki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər həyata keçirməkdədir.
Təəssüflə qeyd etməliyik ki, son vaxtlar ölkədə narkotiklərə meyllilik artmış və Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatlarına görə, narkoistifadəçilərin sayı 29100 nəfər təşkil edir. Son 5 ildə narkotiklərdən istifadədə yaş senzi 30-dan 17-yə düşüb. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin kannaboid qrupuna aid olan narkotik maddələrdən istifadə etdiklərinin şahidi olursan. Problemin geniş şəkildə yayılmasının qarşısını müəyyən dərəcədə almaq, həmçinin bu sahədə vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədilə beynəlxalq təcrübədə tətbiq olunan ən vacib istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat, profilaktika işlərini məhz aidiyyatı dövlət qurumları ilə birgə həyata keçirmək zərurəti yaranıb.
Bu baxımdan əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyi təbliğ edən "Bizim Gənclik" İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən qrant şəklində maliyyələşən "Gənclərin sosial-İctimai fəallığının gücləndirilməsi" layihəsinin icrasına başlayıb. Layihənin həyata keçirilməsində əsas məqsəd, Azərbaycan gəncləri arasında narkomaniyanın yayılmasının qarşısını almaqdan ibarətdir. Bunun üçün isə tələbələr arasında ölkə miqyasında narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlərin keçirilməsi və gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur.
Layihə Bakıda və regionlarda narkomaniyanın yayılmasının qarşısının alınmasında gənclərin sosial-ictimai fəallığının daha da güclənməsinə yönəlmişdir. Bununla bağlı beş ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Bakıda, eləcədə regionlarda (Gəncə,Lənkəran,Sumqayıt) tələbələrə narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli təlimlərin keçirilməsi nəzərdə tutulub.
Layihənin həyata keçirilməsi ilə bağlı İctimai Birliyin 6 fəal üzvündən ibarət işçi qrupu yaradılıb.
İşçi qrupu tərəfindən bir sıra təşkilatı işlər görülüb, təlimlərdə narkomaniya əleyhinə istifadə olunan maarifləndirmə-təbliğat xarakterli metodoloji vəsaitlərin (bukletlər, qovluqlar, köynəklər, znaçoklar, breloklar, papaqların) hazırlanması işlərinə başlanılıb.Təlimlərin gedişində mütəxəssislər və iştirakçılar müxtəlif metodoloji vəsaitlərlə təmin olunacaqlar.Təlimlərdən sonra aktiv tələbələrin təmsil olunduğu 3 nəfərdən ibarət koordinasiya qrupu layihə bitdikdən sonra da 3 ay ərzində tərəfimizdən bu istiqamətdə maarifləndirmə işinin davam olunması üçün xüsusi çap materialları ilə təmin olunacaqlar. Təlimləri həyata keçirəcək mütəxəssislər Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının " Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Regional Yardım Proqramının bazasında yaradılmış Narkotiklərə Qarşı Milli Təbliğat" (İB) Ofisi tərəfindən təmin olunacaq.
Layihənin sonunda görülən işlərin geniş ictimaiyyətə çatdırılması üçün yekun mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Layihənin icrası zamanı "Bizim Gənclik" İctimai Birliyi tərəfindən regionlarda keçiriləcək tədbirlərdə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi rəhbərliyinin Dövlət Komissiyasının yerli şöbələri, qeyd olunan şəhərlərin icra hakimiyyətlərinin, Gənclər və İdman Nazirliyinin yerli şöbələrinin iştirakları razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB