Lökbatan faciəsinin günahkarları həbs edildi

Lökbatan faciəsinin günahkarları həbs edildi

Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin günahkarları barədə həbs-qətimkan tədbiri seçilib. SİA-nın məlumatına görə, xəbəri Baş Prokurorluq yayıb. Bildirilib ki, cinayət işi üzrə Prokurorluğun və Daxili İşlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, məhkəmə-tibbi ekspertizaları təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə