Dostluq, qardaşlıq və strateji müttəfiqlik

Dostluq, qardaşlıq və strateji müttəfiqlik

Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji müttəfiqlik

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə layihəsi olan "Azerbaycan-Türkiye: Dostluk, Kardeşlik ve Strateji Müttefiklik" başlıqlı məqalələr toplusu Türkiyədə çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, SAM-ın aparıcı elmi işçisi və Türkiyə üzrə koordinatoru Cavid Vəliyev, ATİB İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu və ATİB-in şöbə müdiri Kənan Aslanlının koordinatoru olduğu layihə çərçivəsində tərtib olunan kitab Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunub.

Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsini müdiri E.Aslanovun önsöz və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın giriş yazdığı kitabda son iyirmi ildə Azərbaycan-Türkiyə siyasi, iqtisadi, enerji, parlamentlərarası, hərbi, hərbi-sənaye, təhsil, QHT-lər arası əlaqələri, TİKA-nın Azərbaycandakı fəaliyyəti və ortaq tarix doktrinası mövzuları yer alıb.

Azərbaycan-Türkiyə münasibətlərinə Azərbaycanın baxışını əks etdirən kitabda yer alan məqalələr Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini Yəhya Musayev, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Qulu Novruzov, millət vəkili Qənirə Paşayeva və Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, SAM-ın Türkiyə üzrə koordinatoru Cavid Vəliyev, SAM-ın enerji üzrə eksperti Gülmira Rzayeva, ATİB-in Sədr müavini Rəşad Rəsullu və ATİB-in şöbə müdiri Kənan Aslanlı, TİKA-nın Azərbaycan Proqramı koordinatoru Salih Polat və koordinator köməkçisi Abbas Hümmətov, İqtisad Universiteti İqtisadiyyat fakültəsi müəllimi Nazim Cəfərsoy və QAFSAM-ın Direktoru Araz Aslanlı tərəfindən yazılıb.

Əhatə etdiyi mövzular və mövzuların dərindən təhlili baxımından bu kitab Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunmuş kitablardan köklü şəkildə fərqlənir. Kitabın əsas ideyası Azərbaycan-Türkiyə əlaqələrinin sadəcə qardaşlıq və dostluq kimi mənəvi dəyərlərə deyil, eyni zamanda ortaq maraqlara dayanmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə