Balakəndə əhalinin su və qazla təminatında heç bir problem yoxdur
Balakən rayonun qazlaşdırılması sahəsində görülən içlər çərçivəsində son bir ildə abonent sayı 4600-dən 12000 nəfərə çatdırılıb. Balakən şəhərinin və şəhərə bitişik Qullar, Mahamalar, Tülü, Talalar və Katex kəndlərinin qazlaşdırılması başa çatdırılıb, Qazma, Sarıbulaq, Xalatala, Şambul kəndlərinə və Qabaqçöl qəsəbəsinə qaz xətlərinin çəkilməsi davam etdirilib. Bu fikirləri SİA-ya Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev bildirib.
O qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində Balakən rayonu haqda həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verilir. Bildirilir ki, guya əhali içməli suyu pulla alır, qazla təmin olunmur.
A.Balayev son bir ildə Qazma, Hənifə, Tülü, Şərif, Xalatala, Şambul və Sarıbulaq kəndlərində yeni artezian quyularının qazılaraq istifadəyə verildiyini, Katex, Gərəkli, Tülü kəndlərində yeni artezian quyularının qazılmasının davam etdirildiyini vurğulayıb. "Bundan başqa, rayon üzrə ümumilikdə 30 artezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilib". Onun sözlərinə görə, Balakən şəhərinin, Mahamalar və Gərəkli kəndlərinin əhalisinə bütövlükdə, Hənifə və Tülü kəndlərinin isə bir hissəsinə içməli su mərkəzləşdirilmiş su sistemi vasitəsilə verilir. Ümumiyyətlə, əhalinin kommunal xidmətlərlə bağlı müraciətləri daim diqqət mərkəzində saxlanılır və bu sahədəki problemlər operativ həll olunur: "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Balakən şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə işləri aparılır və yekunlaşmaq üzrədir. Cari ilin sonunadək şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB