"Ramil Səfərovu fiziki cəhətdən məhv etməyə qədər gedib çıxacaqdılar" MÜSAHİBƏ
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun SİA-ya müsahibəsi:
- Azərbaycanda bir çox insanların zabit Ramil Səfərovun qaytarılacağına inanmadığı halda onun Bakıya gətirilməsi və əfv edilməsini necə qiymətləndirirsiniz?
- Mən deyərdim ki, azərbaycanlı zabit Ramil Səfərovun orada ömürlük həbs cəzasına məhkum edilməsinin bir sıra məqsədləri var idi. İlk növbədə cəzanın ömürlük seçilməsi bu xalqın öz mübarizə əzminə inamını sarsıtmaq, Qarabağ uğrunda savaş aparanlara xarici aləmdən təzyiq göstəriləcəyinə işarə idi. Bundan əlavə, bu addım psixologiya, varlığın, mənəviyyatın tapdalandığı halda, ən sonda isə bayrağınla ayaqqabı silindiyi halda sadəcə dözməli və öz mənini əzməlisən fikrini demək üçün idi. Onlar bildirmək istəyirdilər ki, hər zaman proseslər bizim marağımız altında olacaq, beynəlxalq aləm necə istəyirsə, regionda o cür də olacaq. Ramil Səfərovun cinayət işi altında sənədi qaldırıb baxanlar şahid olurlar ki, Azərbaycan mediasındakı yazılar, şərhlər, hansısa analitik materiallar bu sanksiyanın içərisinə daxil ediliblər. İşin içərisində ilk gündən olan insan kimi bilirik ki, bu məsələ üzərində dövlət başçısının iradəsi olmasaydı, Ramil Səfərovu fiziki cəhətdən məhv etməyə qədər gedib çıxacaqdılar. Artıq məsələ üzərində mənfilik götürülüb və tam məsuliyyətlə deyə bilərəm ki, Macarıstandakı səfirlik məhz prezidentin Ramil Səfərovu qorumaq tədbiri idi və onun üçün açılmışdı. Həsən Həsənov kimi təcrübəli diplomat ora ona görə göndərilib.
- Ramil Səfərovun qaytarılmasından sonra müəyyən xarici ölkələrdən təzyiqlər oldu, müxtəlif bəyanatlar səsləndirildi, Azərbaycana qarşı fərqli münasibətlər ortaya qoyuldu. Sizcə, bunların səbəbi nə idi?
- Burada bizdən izahat istəyən Amerikaya Azərbaycanın haqlı mövqeyi təqdim olunacaq. Ümumiyyətlə, Ramil Səfərovun bu hadisəni nədən törətdiyi, bu prosesin nə üçün belə bir səviyyəyə gəlib çatdığı o zaman Macarıstan məhkəməsi tərəfindən nəzərə alınmamışdısa, indiki dövrdə Azərbaycan tərəfinin tam tutarlı cavabı kimi ortalığa qoyulacaq. Bu insanın kəndi, bölgəsi, daha geniş mənada Vətəni işğal altındadır. 30-dan artıq qohum-əqrabasını itirib. Ermənistan 100 il ərzində bütün qəhramanları azərbaycanlıları qətlə yetirənlərdən ibarətdir. O cümlədən Fransada terrorla məşğul olanları Ermənistanda toy-bayramla qarşılaşdıqlarını ortaya qoymuş olacağıq.
- Bu proses Dağlıq Qarabağ münaqişənin həllində hansısa təhlükəyə və yaxud yeni hadisələrə səbəb ola bilərmi?
- Artıq Ermənistan tərəfindən daha artıq isterika, xof və digər psixoloji açıqlamalar göndərilir. Onlar öz rejimini qorumaq, xalqdan gələn təzyiqləri önləmək naminə hətta danışıqları müvəqqəti dayandırmaq, terror və müharibə çağırışlarını gücləndirmək kimi vasitələrə əl atacaqlar. Lakin Azərbaycan dövləti bütün bu məxfi, açıq məlumatları izləyəcək və buna adekvat siyasət yürüdəcək. ATƏT-in bu fonda Azərbaycanın əleyhinə hansısa bəyanatlar səsləndirməsinə gəlincə, ola bilsin ki, bununla bağlı balanslı və izahat istəyici addımlar atılcaq. Amma Azərbaycan bir daha həmin quruma bu illər ərzində yerinə yetirmədiyi məsuliyyəti, funksiyanı təkrar xatırladacaq. Niyə axı bu savaş beynəlxalq aləmə çıxmış olur?Ona görə ki, bölgə səviyyəsində problem öz həllini tapmayıb. Ancaq deyə bilərəm ki, qarşı tərəfin bütün sualları və görüşlərinə dövlətin bütün strukturları hazırdır.
- Ölkənin daxilində də bu məsələyə münasibət birmənalı olmadı. Hətta bəzi müxalif fikirli insanlar buna sərt reaksiyalarını bildiriblər. Sizcə, ölkə daxilində belə fikirlərin səslənməsi nəyə hesablanıb?
- Məni ən çox düşündürən məsələlərdən biri də ölkə içərisində quzuluq kompleksini yaşayanlar, Qurgen Makeryana vəkillik edənlərdir. Onlar tələb edirlər ki, Ramil Səfərov həbs cəzasını davam etdirməlidir. Onların fikrincə, Ramil Səfərovun həbsdə saxlanması xarici əlaqələrə yaxşı təsir göstərəcək və bizi hüquqi dövlət kimi təqdim edəcək. Onlar öz məntiqlərinin nə qədər yararsız və qeyri-milli olduğunun fərqindədirlərmi? Ramil Səfərov hansı adla ölkədə bu cəzanı çəkməlidir? Dünya əsasında bizə göstərsinlər, bir nümunəsini ortaya qoysunlar ki, azərbaycanlıları qətlə yetirdiyi, ərazi işğalını həyata keçirən hansısa bir ermənini cəzalandırıblar. Ramil Səfərovu hansı adla, hüquqi müddəalarla bu cəzanı çəkməli idi?
Zərdüşt Əlizadə, Xədicə İsmayılova, Xanlar Ələkbərov kimi insanlar deyirlər ki, bu obraz bizə zərbə vurur və onlar həbsxanada qalmalıdır. Onların məntiqini irəliyə aparanda belə çıxır ki, Şəhidlər Xiyabanı da nahaq salınıb və bu şəhidlər də artıqdır. Onlar niyə mübarizə aparırlar, onları niyə milli cinayətkar elan etmirik? Digər tərəfdən də işğal olunmuş torpaqlar üzərində mübarizə aparmayaq, çünki bizi dünyanın təzyiqi gözləyir. Bunların hər biri absurd və məntiqə uyğun olmayan fikirlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB