Azadlıq Hərəkatçıları Birliyinin bəyanatı

Azadlıq Hərəkatçıları Birliyinin bəyanatı

Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Azadlıq Hərəkatçıları Birliyi bəyanat verib. Birlikdən SİA-ya verilən məlumata görə, bəyanatda deyilir: "Azərbaycan Milli Ordusunun əsgəri, Macarıstanda həbsdə olan Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə cəzasının çəkilməmiş hissəsinin əfv edilərək azadlığa buraxılması xəbəri hər bir azərbaycanlı kimi Azadlıq Hərəkatçıları Birliyinin üzvlərinin də hədsiz sevincinə səbəb olub. Bu fakt sadəcə cəza almış bir məhbusun əfv edilməsi deyil, Azərbaycan dövlətinə, onun rəmzi olan Dövlət Bayrağına əsl sədaqət nümayiş etdirmiş, ədalətsizliklə üzləşərək ən ağır cəza ilə məhkum edilmiş bir vətən oğlunun haqqının geri qaytarılması anlamına gəlməlidir. Məhz bu baxımdan Ramil Səfərovun ölkə başçısı tərəfindən əfv edilərək azadlığa buraxılması, həm ədalətin bərqərar olunması kimi hüquqi əhəmiyyətə, həm də dövlət atributuna sadiqliyin bariz nümunəsi kimi mühüm siyasi əhəmiyyətə malikdir. Dünya erməni lobbisinin, həmçinin ermənipərəst siyasi güclərin bu fakta necə münasibət bəsləyəcəyindən asılı olmayaraq, bütün baş verəcəkləri göz önünə gətirərək əfv fərmanına imza atan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, bununla özünün və başçılıq etdiyi dövlətin sözün əsl mənasında müstəqil və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Bununla yanaşı, dövlət başçısı həm də hər bir Azərbaycan vətəndaşının hüququnun qorunması ilə bağlı içdiyi anda sadiq qaldığını təsdiqləmiş oldu.

Bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrə həsr etmiş insanların təşkilatı olan Azadlıq Hərəkatçıları Birliyi bu münasibətlə ölkə prezidentinə minnətdarlıq hissini ifadə etməyi özünə borc bilməklə, bütün Azərbaycan xalqına, xüsusilə Ramil Səfərova, ailə üzvlərinə, yaxınlarına göz aydınlığı verir və bu qələbənin qarşıdakı daha möhtəşəm qələbələrə başlanğıc olmasını arzulayır.

Eyni zamanda, Azadlıq Hərəkatçıları Birliyi həm Ermənistan rəhbərlərinin, həm də bu ölkənin müasir beynəlxalq qurumlara meydan oxuma siyasətinə seyirçi münasibət bəsləyən bəzi siyasilərin baş vermiş olaya qeyri-normal münasibətini qətiyyətlə pisləyir. Xocalı Soyqırımı kimi bəşər tarixində misli olmayan bir faciəyə göz yuman, bu faciənin törədilməsində fəal iştiraklarını özləri etiraf edən Köçəriyan kimi, Sarkisyan kimi canilərin dövlət başçısı olmalarını normal qarşılayan belə siyasilərin Azərbaycan bayrağını təhqir etməyə görə bir erməni əsgərini öldürən Azərbaycan vətəndaşının öz ölkəsinə verilməsi və azadlığa buraxılması faktına qeyri - normal yanaşması, əslində onların iç üzünün ortaya qoyulması kimi qəbul edilməlidir. Anlamaq mümkün deyil ki,9-10 yaşlı Azərbaycan uşaqlarını snayperlə, içərisinə partladıcı maddə qoyulmuş oyuncaqla vəhşicəsinə qətlə yetirən erməni əsgərlərinin heç bir insanlıq normalarına sığmayan vəhşiliklərinə göz yuman belə siyasilər nədən bütün Beynəlxalq normalara uyğun atılmış bu humanist addım barədə təşvişlə danışırlar? Azadlıq Hərəkatçıları Birliyi dini, irqi və milli ayrıseçkilik mövqeyi əsasında indiki sivil dünyada ölkələrin siyasətlərinin qurulmasını bütün bəşəriyyətin gələcəyi üçün təhlükəli tendensiya kimi dəyərləndirir və bunu qətiyyətlə pislədiyini qeyd edərək Azərbaycan hakimiyyətinin vətən, xalq və dövlətçilik naminə atdığı hər bir addımda onunla birlikdə olduğunu bir daha bəyan edir".

Bütün xəbərlər Facebook səhifəmizdə