Avropa Parlamentinin deputatlarının 77 faizi Ermənistanın işğalı altında olan Ağdam rayonunun məcburi köçkün qəsəbələrini ziyarət edib, görüşdən sonra Avropa Parlamentində və Avropa Birliyində bu məsələni ciddi qaldıracaqları ilə bağlı bəyanatlar səsləndiriblər. Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri sentyabrın 1-də Ağdam rayonuna gəliblər. Milli Məclisin deputatı Qənirə Paşayeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları da onlarla birgə əvvəlcə Ağdam rayon İcra Hakimiyyətində olublar. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77 faizi - Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan edilib. Rayonun 180 min nəfərlik əhalisindən 143 mini məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşıb. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.
Qeyd olunub ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görüb. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır. Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb. Avropa Parlamentinin üzvlərinə Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş "Qafqaz Xirosiması" filmi göstərilib, filmin diski və fotoalbomu verilib. Daha sonra onlar mədəniyyət evində uşaq musiqi məktəbi xor kollektivinin ifasına baxıb, 2010-cu ilin noyabrında məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə baş çəkiblər. Məcburi köçkün Hüseyn Əliyev qonaqları salamlayaraq, öz yurd-yuvalarına qayıtmaq istədiklərini bildirib və beynəlxalq təşkilatlardan ədalətin təmin olunmasını istəyib. Qonaqlar məcburi köçkün Oruc Cabbarovun mənzilinə gəlib, ailənin şəraiti ilə tanış olublar. Avropa Parlamentinin Slovakiyadan olan üzvü Boris Zala jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri ilə bağlı daha yaxından tanış olmaqdır. Boris Zala deyib: "Dağlıq Qarabağ münaqişəsi bizi narahat edir. Bilirik ki, münaqişə həll edilməsə, müharibə ola bilər. Yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının bir hissəsi olmalıdır. Lakin müharibə şəraiti davam etdikcə bu, mümkün deyil. Sülh isə yalnız o zaman ola bilər ki, işğal altındakı ərazilər azad edilsin. ATƏT-in Minsk qrupu səmərəsiz bir qrupdur. Avropa Parlamenti, Avropa İttifaqı münaqişənin həlli üçün yeni forma hazırlamalıdır. Bunun üçün Avropa İttifaqının kifayət qədər səlahiyyəti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB