Professor Ələkbərovun səhvi

Müxalifət yönümlü contact.az portalında dərc edilmiş və aydındır ki, dərhal ermənipərəst agentliklər tərəfindən yayılmış məqalədə professor Xanlar Ələkbərov israr edir ki, Azərbaycan Prezidenti Ramil Səfərovun əfvi barədə fərman verməklə guya milli qanunvericiliyi pozub. Ələkbərov fikrini belə əsaslandırmağa çalışıb: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə əfv qaydasında yalnız iyirmi beş il müddətinədək azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər". Onun sözlərinə görə, "dövlət başçısı maksimum Səfərovun ömürlük həbsini 25 il azadlıqdan məhrumetmə ilə əvəz edə bilərdi".

Professor Ələkbərov bilməli idi ki, "dək" və "nə" şəkilçiləri arasında ciddi məna fərqi vardır. Qanunda ömürlük həbs cəzasının 25 il müddətiNƏ deyil, 25 il müddətinəDƏK cəza ilə əvəz olunmasından söhbət gedir. "25 il müddətinə" düz 25 il deməkdir, "25 ilədək" dedikdə isə bu müddətdən lap 1 saniyə də olsa, az müddət nəzərdə tutulur. R.Səfərovun Azərbaycana ekstradisiyası zamanı onun azad edilməsindən söhbət getmirdi. Macarıstan onu Azərbaycana ömürlük həbs cəzasına məhkum olunmuş bir insan kimi təhvil vermişdir və Səfərov artıq cəzasını yeni ölkədə, bu ölkənin qanunlarına əsasən çəkməli idi! Buna görə də həmvətənimizi gətirən təyyarə Azərbaycan Respublikasının hava məkanına daxil olan kimi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ömürlük həbs cəzasının verilməsini nəzərdə tutan maddələri şamil edilməyə başlanmışdır.

Qanun baxımından Prezidentin Sərəncamı tamamilə qüsursuzdur. Dövlət başçısı həqiqətən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə tam uyğun olaraq ömürlük həbs cəzasını 25 il müddətinəDƏK cəza ilə əvəz etmişdir. Səfərovun Macarıstanda çəkdiyi səkkiz ildən çox cəza müddəti də elə həmin 25 iləDƏK müddətdir. Başqa sözlə, Prezident öz Sərəncamı ilə ömürlük cəzanı 8 ildən çox müddətlə əvəz etmişdir ki, bu cəzanı da Səfərov artıq çəkmişdir. Bu müddət Azərbaycan qanunlarına əsasən Səfərov barəsində çıxarılmış yeni hökmdür və müddət doğrudan da CM-nin tələb etdiyi kimi, 25 ildən çox deyildir.

Xanlar Ələkbərova gəldikdə isə, ona məsləhət görmək istərdik ki, düşmənlərin xeyrinə yaxasını cırıb onların dəyirmanına su tökməsin. Professor, sevinin ki, həmvətənimiz evdədir!

Bütün xəbərlər Facebook səhifəmizdə