QHT Əməkdaşlıq Alyansı Ramil Səfərovun vətənə qayıtması münasibəti ilə xüsusi açıqlama ilə çıxış edib. QHT Əməkdaşlıq Alyansından SİA-ya verilən məlumata görə, açıqlamada deyilir: "Bu Azərbaycan xalqının növbəti qələbəsidir! Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, barəsində Macarıstan məhkəməsinin qərarı ilə ömürlük həbs cəzası çıxardığı Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və elə ekstradisiya olunduğu gün də azadlığa çıxması xalqımızın çoxdan gözlədiyi arzusu idi. Nəhayət ki, bu arzu gerçəkliyə çevrildi. Azərbaycan diplomatiyasının uğuru nəticəsində illərdən sonra Ramil Səfərov xalqımızın haqlı istəyi və dövlət başçısı İlham Əliyevin siyasi iradəsi və qətiyyəti hesabına azadlıq qazandı. Bunun nəticəsində Azərbaycan Ermənistan üzərində çoxdan gözlədiyimiz psixoloji qələbəsini qazandı. Bu uğur Azərbaycanın dövlət başçısı İlham Əliyevin birmənalı dəstəyi olmasaydı, mümkün ola bilməzdi. Buna görə də həm iqtidar, həm müxalifət, vətəndaş cəmiyyəti bir yerdə olmalı və hər şeyi öz adı ilə çağırmalıdır. Bu tip ümummilli məsələlərdə parçalanmaq və lazımsız tənqidlərə yer vermək yolverilməzdir.
Uğurumuzla bərabər, torpaqlarımız hələ də işğal altındadır. QHT Əməkdaşlıq Alyansı ümid edir ki, Azərbaycan xalqı və Azərbaycan hakimiyyəti işğalçı Ermənistan üzərində növbəti qələbəsini qazanacaq. Bunun üçün cəmiyyətin bütün təbəqələrinin bir yerdə olması vacibdir. Vahid mövqedən çıxış etmək, diplomatiyanın gücünü artırmaq və Dağlıq-Qarabağ münaqişəsinin həllində hakimiyyətə köməklik göstərmək hər bir partiyanın, hər bir vətəndaş cəmiyyəti təşkilatının və hər bir Azərbaycan insanının vətəndaşlıq borcudur.
Ramil Səfərovun həbsi, onun indiyə qədər Azərbaycana təhvil verilməməsi üçün Ermənistan dövləti, dünyadakı erməni diasporu bütün gücü ilə işləyirdi. Lakin son anda Ermənistan dövləti də, erməni diasporu da məğlub oldu. Azərbaycan qalib gəldi. Bu qələbənin davamlı olacağına və bütünlükdə Qarabağın işğaldan azad olunacağına da əminik. İnanırıq ki, Azərbaycanın indiki gücü qarşısında bütün düşmənləri geri çəkiləcək, haqq səsimiz dünyada eşidiləcək, haqq və ədalətə söykənən qələbələrimizin qarşısında kimsə dayana bilməyəcək!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB