“İsmayıllı günü”

Mədəniyyət və Turizm Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilk dəfə "İsmayıllı günü" adlı ümumrayon şənliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Milli Məclisin deputatı Novruz Aslanov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Yaponiyanın səfiri Şusuke Vatanabe, Belarusun Nesvij rayon Deputatları Sovetinin sədri Valeriy Lazyuk, Latviyanın Almata bələdiyyəsinin sədri Arvids Lukyanovs və digər rəsmi qonaqlar iştirak edib. Tədbirdə rayonun xalçaçılıq, duluzçuluq, miskərlik, ağac üzərində oyma sənətinin nümunələri, İsmayıllının sosial-iqtisadi inkişafını və turizm infrastrukturunu, bu il təhsildə əldə edilən nailiyyətləri əks etdirən məlumat lövhələri, plakat və buroşuralar nümayiş olunub. Rayonda yaşayan müxtəlif azsaylı xalqların çalğı alətləri ansamblının, folklor və rəqs qruplarının, idmançıların çıxışları olub. Tədbirdə qədim xalq sənətkarlığı nümunələrinin satış sərgisi də təşkil edilib.

Tədbirin ikinci hissəsi rayon təhsilinə həsr edilib. Bayram tədbirində bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclər ictimaiyyətə təqdim edilib və onlara qiymətli hədiyyələr verilib. Tədbir sonda respublikanın tanınmış müğənnilərinin iştirak etdiyi konsert proqramı davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə