Uzaqgörən, məqsədyönlü və humanist siyasət

Mübariz Qurbanlı: Bu, Prezidentimizin vətənpərvər ruhlu insanlarımıza diqqətinin nümunəsidir"
Uzaqgörən, məqsədyönlü və humanist siyasət

"Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə əfv olunması çox xoş bir hadisədir.

R.Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və onun əfv edilməsi Prezidentimizin vətənpərvər ruhlu bir zabitimizin azad etməsi üçün apardığı siyasətin məntiqi ifadəsidir". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, R.Səfərovun azad olunması bizim milli ruhlu, vətənpərvər insanlarımıza olan diqqətin məntiqi davamıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı öz mərd oğlullarını həmişə müdafiə edib, onların arxasında dayanıb, daim diqqət və qayğı ilə əhatə edib.

"R.Səfərovun o zaman erməniyə qarşı etdiyi hərəkət də məcburi zərurətdən irəli gələn hərəkət idi. Yəni erməni tərəfindən xalqımızın təhqir olunması, milli heysiyyatımıza toxunulması onu belə bir addım atmağa məcbur etmişdi. Qeyd edim ki, R.Səfərov həmişə dövlətimizin diqqətində olub, Macarıstandakı səfirliyimiz onun ekstradisiyası üçün böyük iş aparırdı. Bir müddət öncə Macarıstanda səfərdə olduğumuz zaman Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ilə Budapeştdəki həbsxanada onu ziyarət etmişdik. O zaman gördüm ki, R.Səfərovun mənəvi vəziyyəti, gələcəyə inamı böyükdür. O inanırdı ki, Azərbaycan Prezidenti və dövləti ekstradisiya ilə bağlı zəruri tədbirləri həyata keçirəcək. R.Səfərovun mənəvi üstünlüyü onun həbsxana həyatında da özünü göstərdi. Belə ki, o, həbsdə ola-ola ruhdan düşmədi və hətta müəyyən fəaliyyətlə məşğul olurdu. Belə ki, "Pal küçəsinin oğlanları" kitabını macar dilindən Azərbaycan dilində tərcümə etdi. Bu kitabın Bakıda təqdimatı da oldu", - deyə YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı bir daha vurğulayıb ki, bu hadisə Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən, məqsədyönlü və humanist siyasətidir, eləcə də vətənpərvər ruhlu insanlarımıza diqqət və qayğısının nümunəsidir. YAP İcra katibinin müavini bu münasibətlə R.Səfərovun ailəsini və bütün yaxınlarını təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə